Quba rayon sakini Ramin Quliyevin idarə etdiyi yük avtomobili magistral yolda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində tüstülənmə qeydə alınıb. Tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili DYP-nin yaxınlıqda yerləşən stasionar postuna sürərək kömək istəyib.
"Unikal" xəbər verir ki, YPX Alayının 12-ci taqımının əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb və avtomobilin yanaraq tamamilə sıradan çıxmasının qarşısı alınıb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edərək onları nəqliyyat vasitələrinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağa, YPX əməkdaşlarının ağır fəsadların baş verməməsi üçün təhlükə ilə üz-üzə qaldıqları sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.