“2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizə 22.1 milyon müraciət qeydə alınıb, 76.8 milyon tibbi xidmət göstərilib”.
Pravda.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib. O bildirib ki, 2023-cü ildə isə 20.3 milyon müraciət qeydə alınıb, 63.8 milyon tibbi xidmət göstərilib:
“Cari ildə müraciət sayında 9%, göstərilən tibbi xidmət sayında isə 20%-lik artım qeydə alınıb.
2024-cü ilin yanvar-noyabr ayları ərzində tibb müəssisələrimizdə 348 mindən çox cərrahi əməliyyat və prosedur icra olunub. Cari ilin yanvar-noyabr ayları ərzində laborator xidmətlərin sayı 30.5 milyon olub. Bu isə keçən illə müqayisədə 34% artım deməkdir”.
V.Qurbanov əlavə edib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində 6 milyondan çox radioloji müayinə həyata keçirilib.