AZ

Su təchizatı şəbəkəsinə qoşulma prosesi necədir?

Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları və elektron dövlət xidmətləri bərədə zəruri məlumatların əks olunduğu icmal hazırlanaraq nəşr olunub.

“Qafqazinfo” xəbər verir ki, icmalın müvafiq bölmələri biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub.

Biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə icmalın bəzi hissələrini təqdim edirik: 

Su təchizatı şəbəkəsinə qoşulma 

Qanunvericiliyə əsasən, su təchizatı və tullantı sularının axıdılması sisteminə (STTSAS) qoşulmalar üzrə müraciətlər xidmət nöqtələrindən, yəni “ASAN Kommunal” mərkəzləri, “ASAN xidmət” mərkəzləri və sahibkarlıq subyektlərinə münasibətdə, həmçinin Kiçik və orta biznes evlərindən (KOB evləri) verilə bilər. Sifarişçinin tikinti obyektinin STTSAS-yə qoşulması onun müraciət etdiyi tarixdən 30 (otuz) gec olmayaraq təmin edilməlidir. 

Qoşulma xidmətinə görə ödəniş Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğə əsasən həyata keçirilir. 

“Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” Azərbaycan Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli Qərarına əsasən:

Su təchizatı xidmətinin tarifləri üzrə (1 kub metrə görə) :

- Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu ərazilərində:

- əhali istehlakçı qrupu üzrə - 70 qəpik;

- digər inzibati ərazi vahidləri üzrə - 60 qəpik;

- qeyri-əhali istehlakçı qrupu üzrə - 1 manat;

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri üzrə (1 kub metrə görə) :

- əhali istehlakçı qrupunda - 30 qəpik;

- qeyri-əhali istehlakçı qrupu üzrə - 1 manat müəyyən olunub. 

Respublika ərazisində 2023-cü il ərzində orta hesabla istehlakçıya su təchizatının verilməsində yaranmış fasilənin müddəti (SAIDI) 1.98 saat təşkil edib. Ötən il ərzində orta hesabla istehlakçılara su təchizatının verilməsində yaranmış fasilə sayı isə (SAIFI) 0.24 dəfə olub.

“Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır.

Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələri və elektron xidmətlər barədə İcmal sənədində (səhifə 4–5) tanış ola bilərsiniz. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Su şəbəkəsinə qoşulma işçi qrupuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi rəhbərlik edir.

Seçilən
10
qafqazinfo.az

1Mənbələr