AZ

“Məhkəmələrin (hakimlərin) müstəqilliyi” – icmaldan çıxarışlar

Bakı, 23 dekabr, AZƏRTAC

Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları və elektron dövlət xidmətləri barədə zəruri məlumatların əks olunduğu icmal hazırlanaraq nəşr olunub. İcmalın müvafiq bölmələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub.

AZƏRTAC biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə icmalın “Məhkəmələrin (hakimlərin) müstəqilliyi” yarımbaşlıqlı hissəsindən bəzi məlumatları təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə görə hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir.

Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.

Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələri və elektron xidmətlər barədə İcmal sənədində (səhifə 13) tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi rəhbərlik edir.

Seçilən
17
azertag.az

1Mənbələr