AZ

Marko Veşoviç: "Daha yaxşı nəticələr qazana bilərdik"

Bu il heç vaxt unudulmayacaq. “Braqa” və “Bayer”lə qarşılaşmalar tarixi nəticələr idi

"Operativ Media" xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Marko Veşoviç “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

– İlin son oyununda qalib gəldiniz və 3 xal qazandınız. Bu matçı necə dəyərləndirərdiniz?

– Maraqlı və gərgin bir oyun oldu. Bu görüşü kiçik derbi kimi qəbul etmək olar. Qələbə qazanmağı çox istəyirdik və buna nail olduq. “Araz-Naxçıvan” yaxşı mübarizə apardı, lakin biz istəyimizə çataraq ili qələbə ilə tamamladıq. Həmçinin xal fərqini artırmağımız bizi sevindirir. İndi rahatca dincəlmək olar.

– Birinci hissədə Urfan Abbasovla mübahisəniz diqqət çəkdi. Nə baş vermişdi?

– Liderlərin oyunu idi, belə qarşılaşmalarda gərginlik normaldır. Ancaq meydanda yaşanan hər şey orada qalır. Oyundan sonra hər şeyi unuduruq.

– Lakin topu Urfana tərəf vurmağınız müzakirə mövzusu oldu.

– Həmin epizodda top dayanmışdı və mən sadəcə, Juninyoya ötürmə etmək istəyirdim. Təsadüfən belə alındı, qəsdən zərbə vurmadım.

– Mövsümün ilk yarısı artıq başa çatıb. Ötən mövsümlə müqayisədə cari çempionatın səviyyəsi haqqında nə deyə bilərsiniz?

– Çempionatın səviyyəsi artmaqdadır. Daha çox keyfiyyətli futbolçular gəlir, bu da oyunların maraqlılığını artırır. Rəqabət gücləndikcə, azarkeşlər də stadiona daha çox gəlirlər.

– Uzun müddət davam edən zədədən sonra qayıtdınız. Şəxsi olaraq bu ili necə dəyərləndirirsiniz?

– Hər futbolçunun həyatında zədələr olur. Təəssüf ki, hamı kimi mən də bundan yan keçə bilmədim. Ancaq ümid edirəm ki, 2025-ci il daha yaxşı olacaq və zədələrdən uzaq qalacağıq.

– “Qarabağ” üçün bu il necə yadda qaldı?

– Bu il heç vaxt unudulmayacaq. “Braqa” və “Bayer”lə qarşılaşmalar tarixi nəticələr idi. Mövsümün ilk hissəsində uğurlar qazandıq, çempion olduq və kuboku götürdük. Lakin yaydan sonra istədiyimiz nəticələri ala bilmədik. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilmədik, Avropa Liqasında isə çətinliklərlə üzləşdik. Daha yaxşı nəticələr qazana bilərdik.

– Avropa Liqasında pley-off şanslarınız az olsa da, qarşıdakı oyunlara motivasiyanız necədir?

– Hər iki oyuna ciddi yanaşacağıq və maksimum gücümüzü meydanda qoyacağıq. Şanslarımız az olsa belə, sona qədər mübarizə aparmaqdan çəkinməyəcəyik.

– İlin sonunda müxtəlif sorğular keçirilir ki, onlardan da biri Azərbaycanda ilin futbolçusudur. Siz hansı yerli futbolçunu ilin ən yaxşısı adına layiq görürsünüz?

– Bir qədər düşünməliyəm (fikirləşir).

– Deyəsən, qəliz sual oldu. “Qarabağ”dakı komanda yoldaşlarınızdan da seçə bilərsiniz.

– Elədirsə, o zamanı əminliklə Toral Bayramov deyirəm. Gəncdir, bu il çox vacib qollar vurub. Birmənalı şəkildə deyirəm ki, onun gözəl gələcəyi var.

phrase_var_article.chosen
7
operativmedia.az

1phrase_var_article.sources