AZ

Müasir insan mənadan məhrum insandır: Kütləvi canlıdır

Gələcək özünü keçmişlə mənalandırır. Hər yeni çağ həyatı yüngülləşdirməkdən ötrü əvvəlcə insanı keçmişin mənalarından arındırır.

Yeni insan Ömər Xəyyamla keçmişin cənnət-cəhənnəm xofundan arınır, Don Kixotla keçmişin cəngavərlik yükündən azad edilir və s.

Gələcək topu ona görə yaradır ki, oxun sərrastlıq məsuliyyətindən azad olsun. Tikiş maşınını ona görə icad edir ki, canını iynənin səbrindən qurtarsın.

Gələcək həmişə kütləviliyə, kəmiyyətə can atır. Ta o vaxta qədər ki, dalbadal iki dünya müharibəsi, beş iqtisadi böhran yaşayır və anlayır ki, top ox sərrastlığına, tikiş maşını iynə səbrinə qayıtmasa kütləvi ölümlər və kütləvi geyimlər həyatı yüngülləşdirmək əvəzinə daha da ağırlaşdıracaq.

Top özünü oxla mənalandırmaq üçün yenidən keçmişə qayıdır. Çünki məna oradadır. Yaşanmışlıq oradadır, tarix oradadır.

Gələcəkdə bunların heç biri olmur.

Ozan necə deyir, hə, mən qopuz çalım, ərə gedən qız durub oynasın. Keçmişin mənasını keçmişdə ilişib qalan bilməz. Keçmiş gələcəyi mənalandıranda özü də məna qazanır. Ox topun gözüylə baxanda mənadır.

Müasir insan mənadan məhrum insandır. Kütləvi canlıdır. Bəşəriyyət heç vaxt indi olduğu qədər kütləviləşməyib. O, özünü keçmişlə necə mənalandıra bilər?

Bir yolunu deyəcəyəm: Orta əsrlər fəlsəfəsi insana həyatı bütün olaraq qəbul etməyi öyrədirdi; sevinclə yanaşı, ağrının, əzabın insanın kamilləşməsindəki önəmini vurğulayırdı.

Modern pozitiv fəlsəfə isə insana öyrədir ki, sən həyatın ancaq rifah olan məqamlarına layiqsən. Ağrı gördünmü, çıx aradan, əzab gördünmü, tüpür dabanına. Vaxtilə təbiətin əşrəfi elan olunan, bu gün cəmiyyətin əşrəfi elan olunur.

Modern insanın xırda çətinliklərə dözümsüzlüyü də bundan qaynaqlanır. Çünki o, həyatın bütünü ilə maraqlanmır, onun yalnız rifah, yəni xoş güzəran, firavanlıq, bolluq və rahatlıq hissəsinə can atır. Ona görə yarımçıqdır, günlükdür, birdəfəlikdir.

Onunla yaşamaq çətindir, ayrılmaq asan!

O, necə özünü mənalandıra, başqaları üçün də maraqlı ola bilər? Keçmişə, həyatı bütün olaraq qəbul edən sələfinə qayıtmaqla. Həm də peşman olduğunu etiraf edərək qayıtmaqla.

Aqşin Yenisey

visiontv.az



Seçilən
4
visiontv.az

1Mənbələr