AZ

Nə üçün riyaziyyatçılara Nobel mükafatı verilmir? – Almaniyada yaşayan azərbaycanlı professorla MÜSAHİBƏ + FOTOLAR

Qədim tarixi, strateji əhəmiyyəti, Azərbaycanın maddi-mədəni irs məxəzi, elm-ürfan məskəni kimi dünyanın daim diqqətini çəkən qonaqlı-qaralı ulu Naxçıvanımızın növbəti fəxri qonağından danışmaq istəyirəm sizə. Dünyada tanınmış professor, Əməkdar elm xadimi Məsud Əfəndiyevdən. O, 1953-cü il oktyabrın 21-də Zaqatala şəhərində anadan olub. Qeyri-adi fitri istedadının ilk işartısı idi ki, sadə kənd məktəbini qızıl medalla başa vurur. Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olan bu gənc III kursdan etibarən təhsilini çoxlarının yalnız xəyal edə biləcəyi, postsovet məkanının dünyada məşhur olan ali təhsil ocağında – M.Lomonosov adına Moskva Dövlət Universitetində uğurla davam etdirir. Bir maraqlı faktı da qeyd etmək lazımdır ki, onun diplom işi 1975-ci idə nəşr üçün akademik Əşrəf Hüseynov tərəfindən “Azərbaycan SSR Elmlər Akademiyasının Məruzələri” jurnalına təqdim edilmişdir. Bu isə həmin diplom işinin elmlər namizədi elmi dərəcəsinə layiq görülmək üçün yazılan dissertasiya səviyəsində olduğunu təsdiqləyir.

O, 1989-cu ildə birgə əməliyyatlar aparmaq üçün Merilend Universiteti tərəfindən ABŞ-a dəvət olunur, onun qeyrı-adi elmi nailiyyətləri alman həmkarlarının maraq və diqqətindən yayınmır. Nəticədə gənc Məsud dünya elmində ən yüksək təltiflərdən (“kiçik Nobel mükafatı”) sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşür. Gənc ikən hər kəsə müyəssər olmayan belə bir mükafata layiq görülməsi onun sonrakı tale yolunu Almaniya ilə ömürlük bağlayır. Həmin mükafatı alan digərləri kimi Məsud Əfəndiyev də Almaniyaya dəvət olunur. Görkəmli riyaziyyatçı alim 1991-ci ildən bugünədək Almaniyada yaşayıb çalışır.

M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. O, 2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Science – JSPS” təşkilatının mükafatına layiq görülür. Eyni zamanda 2015-ci ildə “Fellowship for Experienced Researchers” mükafatına layiq görülmüs ilk və yeganə azərbaycanlı alimdir. Hazırda Almaniyanın Münxen şəhərində “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiri vəzifəsində çalışır.

Nə üçün riyaziyyatçılara Nobel mükafatı verilmir? - <span style=color:red>Almaniyada yaşayan azərbaycanlı professorla MÜSAHİBƏ + FOTOLAR

Professor Məsud Əfəndiyev Almaniyanın Münhen, Ştutqart, Berlin universitetlərində dərs deməklə yanaşı Yaponiya, Kanada, ABŞ və Avropanın əksər universitetlərində bir çox məruzələr etmişdir. On aparıcı Beynəlxalq jurnallarının redaksiya şuralarının üzvü olmaqla bərabər, “International Journal of  Biomathematics and Biostatistics”in baş redaktoru və xaricdə nəşr olunan 7 kitabin müəllifidir. 21 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib. Dövlət başçımızın digər bir sərəncamı ilə Məsud Əfəndiyev “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülüb. Görkəmli alimimizin 2023-cü ildə dünyanın ən mötəbər nəşriyyatlarından olan “Springer” nəşriyyatında ingilis dilində nəşr olunmuş,  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş kitabı həmin nəşriyyatda işıq üzü görən, fundamental elmlər sahəsində Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş ilk və yeganə kitab kimi tarixə düşüb.

Mənən, qəlbən, ruhən, bir sözlə varlığı ilə Azərbaycana bağlı olan Məsud müəllim ildə bir dəfə doğma Vətəininə gəlib öz yurddaşları, həmfikirləri arasında olmağı, elmi nailiyyətlərini, təcrübələrini bölüşməklə həmkarlarına mənəvi stimul verməyi özünə mənəvi borc bilir. Elm yoluna qədəm qoyan gəncliyin bu fədai yolçuluğuna ziyasından pay verir, bu yolu zinətləndirir, bunu Vətən qarşısında müqəddəs bir borc bilir. Başlıcası isə bugünkü gəncliyimizə əsl vətənpərvərlik örnəyi olmağı bacarır. Görkəmli alimimizin çox sıx bir proqramla dolu Naxçıvan səfəri zamanı vaxt məhdudluğuna baxmayaraq fursət tapıb onunla görüşdük, söhbətimiz isə çox maraqlı oldu.

– Hörmətli Məsud müəllim, sizi böyük məmnunluq və qürür hissi ilə Naxçıvanımızda salamlayır, fürsət düşmüşkən ötən il Azərbaycanda və Almaniyada yüksək səviyyədə qeyd olunan 70 illik yubileyiniz və qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edirik.

– Çox sağ olun, mən də bütün həmvətənlərimi bu bayram münasibətilə təbrik edirəm. Bilirsiniz, belə bir bayram ərəfəsində Vətəndə olmaq mənim üçün o qədər xoşdur ki…

Nə üçün riyaziyyatçılara Nobel mükafatı verilmir? - <span style=color:red>Almaniyada yaşayan azərbaycanlı professorla MÜSAHİBƏ + FOTOLAR

– Vətənə hər gəlişinizdə Azərbaycanın elm, ali təhsil müəssisələri ilə yaxından təmasda olur, milli elmimizin, təhsilimizin inkişafına töhfə verməyə çalışırsınız. Bunu bir vətənpərvərlik məsləyinə çevirmisiniz. Bəs dünyanın əksər məhşur elm ocaqları ilə fəal elmi-pedaqoji əməkdaşlıq edən bir alimi Naxçıvan Dövlət Universiteti hansı fərqli cəhətləri ilə özünə cəlb etdi?

– Bu ilin 9-12 sentyabr tarixlərində Baki-Xankəndidə 23 ölkədən 80-dən çox azərbaycanlı elm xadiminin iştirakı ilə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirildi. Prezident İlham Əliyevin də çox böyük önəm verdiyi Forumda Naxçıvan Dövlət Universitetinin rektoru, hörmətli Elbrus İsayevin elmi-tədqiqat mühitini qısa vaxtda formalaşdırmaqla bağlı fikirləri, bu ali təhsil ocağındakı elmi mühit, müasir  elmi təchizat, xüsusliə də nanotexnologiya laboratoriyalarının açılması ilə bağlı verdiyi məlumatlar məni cox maraqlandırdı və çıxışdan sonra ona yaxınlaşıb Naxçıvana gəlib birgə müzakirələr keçirmək istədiyimi bildirdim vəmüsbət qarşılandım.

– Universitetimiz haqqında qiyabi təəssüratınız sizi yanıltmadı ki?     

– Əsla. Buradakı profeesor-müəllim heyəti, tələbələr, yaradılan şərait haqqında zəngin təəssüratla ayrılacam. Universitetdə müasir dünya elminə inteqrasiya səviyyəsini görmək üçün əsl elm ocağı sayıla biləcək, zəngin resurslara və müasir imkanlara malik elmi kitabxana ilə tanış olmaq kifayət edir. Universitetin Beynəlxalq Məktəbində  təhsil alan şagirdlərin bilik və bacarıqlarını artırmaq üçün hərtəfəli şərait yaradılıb. İngilis dilində sərbəst danışan bu övladlarımızı görəndə bilirsininz, nə qədər sevindim. Axı onlar bizim sabahımız, gələcəyimizdir! Bunlar deməyə əsas veriri ki, onlar gələcəkdə beynəlxalq elmi layihə və platformalarda, müsabiqələrdə ölkəmizi uğurla təmsil edəcəcklər. Bütün bunlarda universitet rəhbərinin novator, təşəbbüskar, elmi yeniliklərin tətbiqinə nə qədər maraqlı olmasının əhəmiyyətli olduğunu ayrıca qeyd etmək istəyirəm.

Nə üçün riyaziyyatçılara Nobel mükafatı verilmir? - <span style=color:red>Almaniyada yaşayan azərbaycanlı professorla MÜSAHİBƏ + FOTOLAR

İki ildir ki, sizin sədrliyinizlə fəaliyyət göstərən Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) Azərbaycanda elm sahəsində gedən proseslərin istiqamətverici qüvvəsinə və dünyanın dörd bir ətrafına səpələnmiş alimlərimizin vahid təşkilati ideya mərkəzinə çevrilməkdədir. Xahiş edirəm, oxucularımıza bu qurumun fəaliyyəti barədə daha geniş məlumat verəsiniz.

– Dünya Azərbaycanlı Alimlər Birliyi 2022-ci il dekabrın 8-də dünya elmi ictimaiyyətində azərbaycanlı alimlərin mövqeyinin gücləndirilməsi və onlar arasında əməkdaşlığın genişləndirilməsi zərurətindən yaranıb. İdeya olaraq həmin il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan diasporu qarşısında qoyduğu prioritet vəzifələrdən qaynaqlanır. Bu birlik Azərbacanda elm sahəsində gedən bütün prosesləri yaxından izləyir, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Diasporla İş üzrə Dövlət Komitəsi, AMEA, eləcə də Elm və Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif tədbirlərdə xaricdə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlərin bir araya gəlməsi, elmi müzakirələr aparması, bilik və təcrübə mübadiləsi həyata keçirmələri üçün şərait yaradır. Bundan başqa, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə heyətinin üzvləri hər ay müxtəlif səpkili görüşlər keçirirlər. Birliyin İdarə Heyətində hazırda 10 nəfər təmsil olunur, alimlərin ümumi sayı isə 250-ni keçib. Əsas məqsədimiz öz biliklərimizlə, gördüyümüz işlərlə Azərbaycan elminin inkişafına dəstək verməkdir. Biz, elm adamları Azərbaycanda prioritet istiqamətləri əhatə edən aktual elm sahələrini qabartmağa çalışırıq. Xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı ilə elmimizin səviyyəsinin yüksəldilməsi, müasir dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi son dərəcə vacibdir.

– Birliklə bağlı bu sualı sizə ünvanlamaqda daha bir məqsədim var idi. DAAB-ın tərəfdaşlıq etdiyi say-seçmə  ali təhsil ocaqları sırasına Naxçıvan Dövlət Universiteti də daxil oldu, az öncə akademik əməkdaşlığa dair anlaşma memorandumu imzalandı. Əlaqələrin genişləndirilməsi baxımından həmin memorandumu necə dəyərləndirərdiniz?    

– Əlaqələrimizin bu cur inkişafı bizim universitet rektoru ilə yuxarıda bəhs etdiyim görüşün nəticəsi, Forumun bir bəhrəsidir. Əvvəlcə Naxçıvan Dövlət Universiteti haqqında daha ətraflı məlumat topladım, sonraki 3 ay ərzində mütəmadi olaraq əməkdaşlıqla bağlı məsələləri müzakirə etdik və nəticədə memorandum ərsəyə gəldi. Memorandumda akademik və tədqiqat heyətinin qarşılıqlı mübadiləsi, tərəflərin fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyinə uyğun olaraq ikili diplom proqramlarının həyata keçirilməsi, akademik tədqiqat məlumatlarının və texniki materialların mübadiləsi, mədəni fəaliyyətlərdə nəşr və yaxud əməkdaşlıq etmək məsələləri nəzərdə tutulur. Həmçinin, müxtəlif ortaq akademik və elmi tədbirlərin təşkili, eləcə də Dünya Azərbaycanlı Alimlər Birliyinə üzv alimlərin Naxçıvan Dövlət Universitetində mütəmadi olaraq təlim və seminarların keçirilməsi planlaşdırılır. Bu memorandum NDU və DAAB-nin birgə məhsuludur, bu sənədi cox müsbət giymətləndirir və inanıram ki, elmi və akademik əlaqələrimizin genişləndirilməsinə xidmət edəcək.

Nə üçün riyaziyyatçılara Nobel mükafatı verilmir? - <span style=color:red>Almaniyada yaşayan azərbaycanlı professorla MÜSAHİBƏ + FOTOLAR

– Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx təmasdasınız, ölkəmizdə keçirilən mühüm beynəlxalq elmi tədbirlərdə iştirak edirsiniz. Dünya elminin zirvəsində dayanan azərbaycanlı alim kimi milli elmimizin perspektivini necə görürsünüz?

– Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycanda elm və təhsilin milli inkişafdakı əvəzsiz rolu yüksək qiymətləndirilir. Hər bir dövlətin gələcəyinin, istər iqtisadi-siyasi tərəqqisinin, istərsə də hərbi qüdrətinin onun elmi potensialı ilə bilavasitə bağlı olduğunu dərindən bilən dövlət başçısı, xarizmatik lider İlham Əliyevin elmə münasibəti konseptual və sistemli xarakter daşıyır. Ölkədə müasir dövrün tələbləri nəzərə alınmaqla süni intellektə, informasiya texnologiyalarına və onun müxtəlif sahələrdə tətbiqinə diqqət artırılıb. Hər dəfə Bakıya gələndə apardığım müşahidələrimə əsasən deyə bilərəm ki, ciddi elmi nailiyyətlərin əldə olunması, alimlərimizin dünya elminin tələblərinə uyğun tədqiqatlar aparması üçün əhəmiyyətli tədbirlər həyata keçirilir, xüsusilə də fundamental elm sahələrinin aktuallığına diqqət ayrılması təqdirəlayiqdir. Hər gəlişimdə AMEA-nın təşkil etdiyi müxtəlif beynəlxalq tədbirlərdə oluram, buradakı elmi nailiyyətlətlərlə maraqlanıram. AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin elmin populyarlaşdırılmasına dair, elmi inteqrasiya ilə bağlı konseptual fikirlərini xüsusi qeyd etməliyəm. Milli elmimizin  perspektivini son illərdə aparılan islahatların nəticəsində ümidverici görürəm. Nəhayət, onu da deyim ki, bu sualınızın ən düzgün çavabını Ulu Öndərimiz verərək bildirmişdir ki, Azərbaycan elmi inkişaf etməlidir, AMEA isə Azərbaycanımızın milli sərvətidir və bunu gorumaq lazımdır.

– Naxçıvana ilk səfəriniz həm də muxtar respublikanın yaranmasının 100 illiyini qeyd etdiyimiz əlamətdar bir dövrə təsadüf edir. Bəs Şərq elminə mühüm töhfələr verən bu qədim diyarla, AMEA Naxçıvan Bölməsi və buradakı elmi-ictimai mühitlə tanışlıq nələrlə yadda qalacaq və hansı perspektivləri vəd edir?

– Sizinlə tam raziyam. Azərbaycanın elm tarixində və onun inkişafinda Naxçıvanın, bu diyardan çıxan alimlərimizin müstəsna rolu olmuşdur! Mən orada olarkən bizim dünyada tanınan böyük alimimiz, akademik Yusif Məmmədəliyevin Ordubaddakı ev muzeyini ziyarət etdim. Belə bir genofondu olan Akademiyanın Naxçıvan Bölməsinin (orada daha çox humanitar sahədə çalışırlar) fəaliyyəti ilə, buradakı elmi tədqiqatlar, ərsəyə gələn elmi nəşrlər ilə qismən də olsa tanış ola bildim. Bölmənin Sədri, hörmətli akademik İsmayıl Hacıyev bu barədə mənə ətraflı məlumat verdi. Bu fəaliyyəti bütövlükdə müsbət giymətləndirirəm. Naxçıvanda olarkən NDU ilə Almaniyanın konkret universitetləri və orada olan konkret ixtisaslar üzrə ilə əməkdaşlıq məsələlərini müzakirə etdik, NDU-nun gənç alimlərinin Almaniyadan olan həmkarları ilə əlagələrini təmin etməyə calışacagıma söz verdim və Almaniyanın elm sahəsində olan aparıcı fondlarının NDU ilə birbaşa kontaktlarını təmin etməyin vacibliyini vurguladım və bu istigamətdə onlara dəstəkçi olacağam. Səfər zamanı Naxçıvanda olan Qızlar Liseyi, burada Azərbaycanın qədim adət-ənənələrinin qorunması və oradakı sərgilər mənə hədsiz xoş təsir bağışladı.

Nə üçün riyaziyyatçılara Nobel mükafatı verilmir? - <span style=color:red>Almaniyada yaşayan azərbaycanlı professorla MÜSAHİBƏ + FOTOLAR

– Dünya elmində ən yüksək təltiflərdən hesab edilən  “Kiçik Nobel mükafatı”na (“Aleksander fon Humboldt”) layiq görülən ilk azərbaycanlısınız. Sizcə azərbaycanlı alimin “Nobel mükafatı”na qovuşmaq arzusunun gerçəkləşməsi nələrdən keçməlidir?

– Çalışdıgın ölkədə elmi mühitin olması bütün nailiyyətlərin əsasıdır! Nobel mükafatı və digər tanınmış mükafatlara qovuşmaq normal bir arzudur, lakin buna nail olmamaq elmlə məşğul olanları ruhdan salmamalıdır. Həyat göstərir ki, bəzən çox yüksək nailiyyətlər əldə etmiş alimlər Nobel mükafatı alanlar sırasına daxil olmamışlar və ya onilliklər ərzində əldə etdikləri elmi nəticələrə görə təltif olunmuşlar! Biz riyaziyyatçılara isə, ümümiyyətlə, Nobel mükafatı verilmir, Fields mükafatı və ya başqa mükafatlar verilir. Qeyri-təvazökarlıq kimi görsənməsin, 2023-cü ildə Kanadada fəaliyyət göstərən riyaziyyat elmləri sahəsində araşdırmalar üzrə Fields İnsititutunun “Lifetime Achievements Award”  ömürlük mükafatına layiq görülmək mənə də nəsib olub.

– Yeri gəlmişkən, bu yaxınlarda dünyanın gözü Azərbaycana dikilmişdi, dünya ictimaiyyəti, elmi-saiyasi elitası burada möhtəşəm şəkildə keçirilən  iqlim dəyişiklikləri üzrə dünyanın mötəbər tədbirlərindən birini – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını böyük maraqla izləyirdi. Vətənpərvər bir azərbaycanlı kimi, riyaziyyatın ekologiyada, təbabətdə, biologiyada tətbiqi sahəsi ilə məşğul olmaqla ekoloji problemlərin də həllinə töhfələr verən məşhur alim kimi bu mühüm beynəlxalq tədbir haqqında da fikirləriniz oxucularımız üçün maraqlı olardı.       

– Təbii ki, bu çox əlamətdar, bəsəriyyətin taleyüklü və gələcəyə köklənmiş tarixi bir hadisə idi. Bu Azərbaycan hökümətinin, diplomatiyasının çox böyük zəfəri, şəxsən bu siyasəti müəyyən edən Prezidentimizin tarixi gələbəsi idi. Bildiyiniz kimi Azərbaycanda belə bir möhtəşəm tədbirin kecirilməsinə süni maneə yaratmaq istəyən bədxahlarımızın inadlı səylərinə baxmayarag COP29 Azərbaycan cox yüksək səviyyədə kecirildi və dövlətimizin, xalgımızın nələrə gadir oldugunu bir daha göstərdi. Qürurluyam ki, Almaniyadan dünyada tanınmış bir neçə aparıcı mütəxəssisin, həmkarlarımın istirakını təmin etməklə mən də həmin tədbirə töhfə verə bildim. Bu tədbir dünya elminin ekoloji problemlərin həllinə istiqamətlənməsi baxımından çox faydalı olacaq.

– Türkiyənin tanınmış şairlərindən Kamaləddin Kamu Kaminin aforizmə çevrilmiş belə bir misrası var: “Mən qürbətdə deyiləm, Qürbət mənim içimdə”. Bəs qəlbi Vətən eşqi ilə döyünən, uzaq Almaniyada köksündə, isti ocağında bütöv bir Azərbaycanı gəzdirən, sevdirən, elmin fövqündə dayanmaqla Vətəninə baş ucalığı gətirən Məsud Əfəndiyev qürbətdə Vətən həsrətini ovundura bilirmi?

– İncə məqama toxundunuz (tutulur). Buna müasir Azərbaycan-Almaniya elmi-ictimai əlaqələrinin inkişafına xidmət etməklə, dünya azərbaycanlı alimlərinın Azərbaycançılıq ideologiyası ətrafında cəm edilməsi ilə, ara-sıra doğma Vətənimdə milli elmimizin inkişafına dəstək olmaqla nail olmaq istəmişəm. Azərbaycandan 60-a yaxın elm və təhsil işçisini müxtəlif aylarda tələbələrlə birlikdə Almaniyaya dəvət etmişəm. Onların arasında AMEA-nın müxbir üzvləri, tanınmış alim və mütəxəssislərimiz də var. Almaniyada Azərbaycan haqqında dolğun, obyektiv təəssürat formalaşdırmağa çalışmışam.

Nə üçün riyaziyyatçılara Nobel mükafatı verilmir? - <span style=color:red>Almaniyada yaşayan azərbaycanlı professorla MÜSAHİBƏ + FOTOLAR

– Nəinki xalqına, dövlətinə, bəşəriyətə elmlə xidməti həyat aksiomuna çevirmiş bir alimsiniz. Elmin keşməkeşli, nahamar, məsuliyyətli, amma bunlarla bərabər həm də şərəfli yollarında yenicə addımlayan gəncliyimizə nə tövsiyə edərdiniz?

– Mehriban xanım, özü də elmlə məşğul olan biri kimi bunu çox gözəl söylədiniz. Bəli, elm fədailik istəyir. Mənim gəncliyə tövsiyəm isə bu ola bilər: elmi fəaliyyətə baslayarkən heç bir mükafat, dəyər və təltif düşünmədən elmi nailiyyətlərə nail olmaq, dünyanın aparıcı elmi jurnallarında məqalələrin çap olunmasına çalışmaq, ən azından ingilis dilini mükəmməl bilmək, mütəmadi olaraq beynəlxalq konfranslarda istirak etmək, dünya miqyasında elmi aktuallığı ilə dəyərləndirilə biləcək kitablar nəşr etdirmək. Bunların nəticəsində uğur özü gəlib sizi tapacaq, həmin arzularınız da təbii olaraq gerçəkləşəcək!

PS: Həmsöhbətimlə vidalaşarkən “Vətənə gəldim, imana gəldim!” sevincini gözlərindəki qeyri-adi işartıdan aydın sezdim. Bir daha yəqin etdim ki, milli və dövlətçilik maraqlarımızı xaricdə müdafiə edən, Vətəndə və Vətəndən uzaqlarda təhsil alan, elmi yaradıcılıqla məşğul olan gənclərimizə mənəvi dəstək və örnək olan Məsud müəllim azərbaycanlı olması ilə fəxr edəcəyimiz əsl vətənpərvər ziyalıdır. O, Azərbaycan vətəndaşlığını soyadı arxasında fəxarətlə qoruyub yaşadan, dünyanın 4 bir qitəsində nüfuzlu konfranslardakı hər çıxışında azərbaycanlı olduğunun vurğulanmasından böyük qürur duyan elm xadimidir. O, ucuz şöhrət naminə pafosla “Vətəinm!” deyənlərdən deyil, Vətənin olanlardan, hər zaman Vətənlə olanlardandır. Demək ki, lap kiçik yaşlarından riyaziyyatdan əxz etdiyimiz, əslində isə elə həyat düsturu olan “Toplananların yerini dəyişəndə cəm dəyişmir!” qızıl qanununun da təsdiq etdiyi kimi Vətəndən uzaqlarda olmaq heç də Vətənsizlik deyil, əksinə,Vətən sevgisinin sınağa çəkildiyi bir məqamda elm kimi müqəddəs bir məramla Vətən naminə əsl cihada çıxmaq üçün bir fürsətdir. Məsud Əfəndiyev kimi şəxsiyyətlərimiz isə bu fürsəti layiqincə dəyərləndirə bildikləri üçün öz imzalarını Vətən tariximizə əbədi həkk etdirməyi bacaranlardır.

Mehriban SULTAN

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti,

filologiya üzrə fəlsəfə doktoru

Seçilən
21
medianews.az

1Mənbələr