Donald Tramp Vladimir Putinlə görüşmək istəyir.
ABŞ-nın yeni seçilmiş Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Vladimir Putinlə görüş keçirmək fürsətini gözlədiyini bildirib. Tramp Putinin onunla tez bir zamanda görüşmək istədiyini vurğulayıb:
“Prezident Putin mənimlə tez bir zamanda görüşmək istədiyini söyləyib. Ona görə də biz bunu gözləməliyik, amma bu müharibəni bitirməliyik”.
ABŞ-nin yeni lideri Rusiya-Ukrayna münaqişəsini “dəhşətli”” adlandırıb və təkrarlayıb ki, Ağ Evin indiki rəhbəri Co Baydenin yerinə prezident olsaydı, bu baş verməzdi.
Tramp Ukrayna məsələsində Rusiyaya güzəştə gedəcək?
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin hansı nəticə ilə bitəcəyini bunu yalnız zaman göstərəcək:
“Bu, iki ölkə arasındakı müharibə ilə yanaşı, qlobal güclər arasında olan geosiyasi savaş kimi də qiymətləndirilə bilər. Heç kəsə sirri deyil ki, Ukraynanın arxasında ABŞ, Böyük Britaniya və digər Qərb güc mərkəzləri dayanır. O ki qaldı Trampın Putinlə görüşmək istəməsinə, əlbəttə ki, hər iki şəxs bunda maraqlıdır.
Prezident Vladimir Putin son mətbuat konfransında bu məsələyə toxunub. Son zamanlar Donald Tramp və Qərb dövlətlərinin rəsmilərinin səsləndiyi fikirlər onu deməyə əsas verir ki, Ukrayna bu və digər şəkildə ərazilərinin bir hissəsini güzəştə getməyə məcbur ediləcək. Onsuz da Ukraynın cənub-şərq ərazilərinin böyük hissəsi faktiki baxımdan Rusiyanın nəzarətindədir. İndiki şəraitdə bu əraziləri Rusiyanın əlindən almaq qeyri-mümkün görünür. Təbii ki, tərəflərin bu məsələdə maksimalist tələbləri var”.
Onun fikrincə, Moskva Ukraynanın dörd vilayəti – Luqansk, Donetsk, Zaporojya və Xerson bölgələrinin onun nəzarəti altında olmasını düşünür:
“Kremldə, həmçinin hesab edirlər ki, bu vilayətlər inzibati cəhətdən Rusiyanın sərhədləri daxildə olmalıdır. Sözsüz ki, bu, Kiyev və Qərb tərəfindən qəbuledilməzdir. Ukraynanın tələbləri budur ki, rus qoşunları Ukrayna ərazilərindən tam çıxarılmalıdır.
Moskva isə buna getməyəcək. Ən çox ehtimal olunan variant budur ki, Donald Tramp Ukraynanın cənub-şərq ərazilərinin müəyyən müddətə qədər işğal altında qalmaq şərti ilə iki ölkə arasında atəşkəs sazişi təklif edə bilər”.
Politoloq vurğulayıb ki, Tramp Rusiya ilə Ukrayna arasında atəşkəsi təmin etmək üçün cəbhə zonası boyunca müəyyən qüvvələrin yerləşməsini təkf edə bilər:
“Moskva bunu qəbul edəcəkmi? Bu, ayrıca bir sualdır. Ancaq ABŞ belə bir təkliflə çıxış etməsi mümkündür. Tərəflərdən biri bunu qəbul etməyəcəyi təqdirdə ona çox ciddi təzyiqlər həyata keçirilə bilər.
Moskva bu təklifi rədd edərsə, Ukraynaya hərbi yardımlar artılacaq, o cümlədən Rusiyaya qarşı daha ağır sanksiyalar tətbiq ediləcək. Bu da Rusiya üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq. Əgər Ukrayna bu təklif qəbul etməzsə, onda ona dəstək kəskin şəkildə azalacaq və cəbhədə tək buraxılacaq. Bu da Ukraynanın mövcudluğunu təhlükə altına qoyacaq”.