AZ

Strateji, dürüst tərəfdaş bir ölkəyik



Ölkə başçısı, cənab Prezident İlham Əliyev Rusiya kanalına verdiyi müsahibəsində regionda və dünyada baş verən proseslərə ədalətli yanaşmanın, bütün ölkələrin dövlətçilik ənənələrinin, o cümlədən müstəqil fəaliyyətlərinin və bir-birinə hörmətlə yanaşmanın vacib olduğunu dünya ictimaiyyətinə çatdırdı. O, bütün ölkələrin dövlətçilik ənənələrinə və müstəqil fəaliyyətlərinə hörmətlə yanaşılmasının vacibliyini qeyd etdi. Bu yanaşmanın beynəlxalq münasibətlərdə, sülh və sabitliyin qorunmasında mühüm rol oynadığına diqqət çəkdi. Dövlət başçısı həmçinin, ədalət prinsipinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin zəruriliyini bir daha vurğuladı. Eyni zamanda bəzi ölkələrin siyasi rəhbərlərinin haqsız və ədalətsiz yanaşmalarını tənqid etdi. Bu ifadələri birbaşa həmin ölkələrin rəhbərlərinə ünvanladı və onların reaksiyalarını da gördük.

Burada maraqlı və düşündürücü məqam ondan ibarətdir ki, həmin ölkələr hələ də ikili standartlardan çıxış edir və dövlətlərə münasibətdə fərqli siyasi arqumentlər kursundan əl çəkə bilmirlər. Bu mənzərə açıq şəkildə göstərir ki, bəzi ölkələr “biz belə istəyirik, siz də bizimlə razılaşmalısınız” yanaşmasını diktə etməyə çalışırlar. Lakin bu, əsla qəbulolunmazdır. Azərbaycanın müstəqil və tamamilə beynəlxalq hüquqa söykənən siyasi kursu mövcuddur və bu istiqamət davam etdiriləcək.

Biz Avropa və Qərb dəyərlərinin müsbət, o cümlədən dövlətimizin maraqları ilə uzlaşan siyasi prinsiplərin Azərbaycana inteqrasiyası üçün kifayət qədər addımlar atmışıq. Həm sənədlərin ratifikasiyası, həm beynəlxalq münasibətlərdə nəzakətli və siyasi davranış, həm də bir neçə beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi ilə bu inteqrasiyanın vacibliyini nəzərə alaraq bu addımlar atılıb. Siyasi rəhbərliyin diplomatik səriştəsi və təcrübəsi nəticəsində bu proseslər uğurla həyata keçirilib. Lakin, çox təəssüf ki, həyata keçirilən tədbirlər adekvat olmadı və gözləntilərimiz özünü doğrultmadı. Bizə qarşı “yola vermə” siyasəti yürüdüldü və bu yanaşma üstünlük təşkil etdi. Bunun bariz nümunəsi Qarabağ məsələsidir və əslində çox uzaq tarixdə deyil. "Zəncirli köpəklər" bunu unutsun. Qarşılıqlı, bərabər hüquqla atılmalı olan bu anlaşmalar və dövlətlər arasındakı əməkdaşlıqlar bir tərəfli qaydada tələb olundu. Bu da bizim dövlətimizin maraqlarına tamamilə zidd və qərəzli tələb olduğu üçün biz bu münasibətlərdə dəyişiklik etməyə məcbur olduq və nəticə olaraq biz Zəfər, qürurlu tarix, müstəqil siyasət və ədalətli yanaşma qazandıq.

Bizim tarixən Fransa ilə münasibətlərimiz normal olub. Hər iki ölkə arasında çox böyük və uzaq perspektivə hesablanmış siyasi əməkdaşlıq mövcud idi. O zamana qədər ərazi bütövlüyümüzü təmin etdik. Ondan sonra Fransanın tarixində biabırçı bir siyasi rəhbər kimi qalacaq Emmanuel Makronun lokal maraqlara söykənən qərəzli yanaşmaları üzə çıxana qədər, o, beynəlxalq məsuliyyəti anlamalı və öz öhdəliklərinə uyğun hərəkət etməli idi. Azərbaycan dövlətinin qüruruna, xalqımızın hüquqlarına və ərazi bütövlüyümüzə hörmətlə yanaşmalı idi. Bu onların üzərinə götürdüyü öhdəlikdi. Amma onlar bu öhdəliyin heç "Ö" hərfini də yerinə yetirə bilmədilər. Və ölkə olaraq hüququmuzu bərpa etmək üçün həyata keçirdiyimiz həm siyasi, həm hərbi, həm də iqtisadi və diplomatik proqram və planlarımızı uğurla başa vurduq. Bu isə sizləri narahat etdi. Etsinlər! Amma biz rahatıq. Bu rahatlığı millətimizə yaşadan vicdanlı vətənpərvər insanlara sonsuz təşəkkür edirəm və birmənalı şəkildə bu siyasi xətti dəstəkləyirəm.
Xatırladım ki, ATƏT Minsk Qrupuna daxil olan ölkələr müharibə vaxtı Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı haqlı mübarizəmizə birbaşa və ya dolayısı ilə dəstək verdilər. Makron artıq cığallıq həyat tərzinə keçdi və vərdişini hələ də dəyişə bilmir. Bunun nə Fransa xalqına, nə də dövlətinə bizim münasibətimizi dəyişmir. Bu cığal uşağın davranışları hələ gələcəkdə o dövlətə və o xalqa təsirsiz ötüşməyəcək. Hər halda, bu onların öz daxili işləridir. Fəsadlarını, acılarını da özləri çəkəcəklər.

Və cənab Prezidentin müsahibəsinə Makron kimi yanaşanlar mütləq bunları nəzərə almalıdır. Bunu ölkəmizə vətəndaş bağlılığı olmayanlar nəzərə alsınlar. Amma bağlılığı olanlar anlasınlar ki, bu ritorika ən yumşaq ritorikadır. Çünki, ölkəmizi uzun müddət inkişafdan saxlayan, dayanaqlı sabitliyimizə mane olan, gəlirlərimizin, iqtisadiyyatımızın şaxələnməsinə və vətəndaşlarımızın sosial rifahına xərclənməsinə bütün gücləri ilə sistemli olaraq imkan verməyən bu qüvvələri müdafiə etməyiniz sizin bu dövlətə və millətə olan münasibətinizin göstəricisidir.

İlham Əliyev açıq şəkildə ifadə etdi ki, rəhbəri olduğu ölkənin maraqlarına əl uzadanlar, təhlükəsizliyinə təhlükə yaradanlar və regionda sülhün qarşısını almaq istəyənlər, terrorçulara dəstək verənlər və vandalları silahlandıranlar bu yanlış siyasətdən çəkinməlidir. Bu vətən bizim evimizdir, öz vəhşi kəşfiyyatçıları ilə evimizə nüfuz edənlər sərt şəkildə cəzalanmalıdır. Bu hiss sizdə olmadığına görə, siz bunu dərk edə bilmirsiniz.

Əziz soydaşlar, evimizi qorumaq hər bir namuslu vətəndaşın borcudur. Dərk etməyənlər, anlamayanlar, cəsarətiniz çatırsa, sərhədlərimizə regiondan kənar qüvvələrin daxil olmasına və fəaliyyət göstərməsinə etirazınızı bildirin. Hünəriniz çatırsa, hadisələrin necə cərəyan etdiyinə, anlaşmaların necə pozulduğuna və özünü tanımayan cığal siyasətçilərə mövqeyinizi bildirin. Biz müstəqil olmalıyıq, azad yaşamalıyıq, bütöv olmalıyıq. Azərbaycanın klassik dəyərlərini özündə cəmləşdirən vətəndaş cəmiyyəti qurmalıyıq. Bu bizim haqqımızdır və bu haqqı təmin edənlərin yanında durmalıyıq. "Ağılsız köpəklər" ulduzlara da hürür, sizin məntiqinizlə ulduzlar nə etsin? Çıxın, ulduzları da tənqid edin.

Bu gün ABŞ administrasiyası yenilənir. Köhnələr, getməyə hazırlaşanlar Azərbaycanla bağlı söylədikləri, atacaqları addımları heç də söylədikləri kimi demokratiya və demokratik dəyərlərlə bağlı deyil. Onlar müəyyən maraqlarla bağlıdır. Belə olmasaydı, keçən illər ərzində bu qərəzli istəklərini həyata keçirmək üçün çalışardılar. Deməli, bu da dünya ictimaiyyətinin gözünə kül üfürmək üçün atılan taktik bir addımdır.

Avropada isə məmurlarımıza sanksiya tətbiqini böyük sevinclə qarşılayan o məmurlar Azərbaycanın təhlükəsizlik təminatını, asayiş təminatını qoruyub saxlama məsuliyyətini daşıyırlar. Kimlərsə bu ölkənin siyasi dayaqlarını zəiflətməyə çalışanda müdaxilələr mütləqdir. Mənim də haqsız yerə tutulan tanıdığım adamlar var. Nəyə görə onları müdafiə etmirlər? Onların tutulması Avropanı narahat etmir? Niyə nəzarətində maliyyələşdirdikləri və sifarişlərini həyata keçirənləri müdafiə edirlər? Təbii ki, mən hamısını nəzərdə tutmuram. Deməli, bunların mövqeyi müstəqil siyasət yürüdən ölkəmizi yolundan çıxarmaq və arzu-istəklərini həyata keçirməkdir.

Azərbaycanda yaramaz məmurları tənqid edib, şərəfli məmurları müdafiə etmək siyasi xadimlərin, siyasətçilərin, ictimai xadimlərin, həm də siyasətşünasların və bütövlükdə vicdanlı vətəndaşların borcudur. O sanksiyalar əgər dövlətini qoruyub saxlamaq, maraqlarını təmin etmək, dövlətçilik şüuru ilə təməl prinsiplərə hörmət etmək, sayğı göstərmək üçündürsə, qoy olsun! Vətənimiz sağ olsun! Dövlətimiz var olsun!

Son olaraq, ölkə başçımız Rusiya kanalına verdiyi müsahibəsində mühüm mesajlar verib. Ağıllı adamlar o mesajlardan faydalansa, pis olmaz. Bəli, biz dünyada gərginlik istəmirik. İnsan ölümünün əleyhinəyik. Bizlər mehriban, bərabər, qarşılıqlı hörmətlə dövlətlərarası münasibətlərin davam etdirilməsi, bəşəriyyət üçün şiddətdən uzaq sivil cəmiyyətə dəstək verən strateji dürüst tərəfdaş bir ölkəyik.

Ramil Hüseynov, "Yeni Xətt" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Seçilən
14
newscenter.az

1Mənbələr