AZ

Yeni qaydalar BOKT-ların əvvəlki kreditlərinə şamil edilməyəcək - RƏSMİ

Yeni qaydalar BOKT-ların əvvəlki kreditlərinə şamil edilməyəcək - RƏSMİ

Mərkəzi Bank ötən ay “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiq etdi. Yeni qaydalarda bir sıra məqamlar əksini tapsa da, ən çox diqqət çəkən bank olmayan kredit təşkilatlarının (BOKT-lar) verdiyi günlük kreditlərlə bağlı müddəalar oldu. AMB-nin təsdiqlədiyi yeni qaydalarda BOKT-lara bu istiqamətdə bir sıra qadağalar tətbiq edilir. Məsələn, bu cür təşkilatlar ən çox 500 manat kredit verə bilərlər. BOKT-ların verdiyi kreditlərdə gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz ola bilər. Tutaq ki, 500 manat kredit götürən müştəri bunun üçün aylıq 45 manat faiz ödəyəcək. Borcun qaytarılma müddəti isə 45 gün olacaq. Yeni qaydalar həmçinin gecikdirilmiş borclarla bağlı da tənzimləməni nəzərdə tutur. Belə ki, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır. Gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır. Kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-dən çox olmamalıdır.Bəs "Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası" təsdiq edildiyi tarixədək daha ağır şərtlərlə verilmiş kreditlər necə tənzimlənəcək? Yeni qaydalar köhnə kreditlərə də şamil olunacaqmı?Mərkəzi Bankdan AFN-in sorğusuna cavab olaraq bildirildi ki, MB İdarə Heyətinin 15.11.2024-cü il tarixli Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilərək 25.11.2024-cü il tarixində qüvvəyə minib: "Qaydalarda olan tələblər BOKT-ların maliyyə dayanıqlığının və istehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi, eləcə də, əhalinin bütün təbəqələrinin maliyyə resurslarına əlçatanlığının yaxşılaşdırılması məqsədini daşıyır.Qaydalarda keyfiyyət xarakterli yeni tələblər müəyyən edilib. Belə ki, “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na əsasən BOKT-larda kredit risklərinin idarə edilməsi sisteminin təşkili, kredit riski siyasəti, kredit risklərinin qiymətləndirilməsi və inzibatçılığı prosedurları, risk monitorinqi, habelə kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsinin hesablanması qaydası ilə bağlı requlyativ tələblər gətirilib.Qaydalarda ilk dəfə olaraq qısamüddətli “gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib, həmçinin aktiv gündəlik krediti olan şəxsə, gündəlik kredit verilməsi qadağan edilib və yalnız həmin kredit tam ödənildiyi gündən 3 (üç) iş günü sonra həmin şəxsə yeni gündəlik kredit verilməsi müəyyən edilib. Qaydaya əsasən gündəlik kreditlərin restrukturizasiyası qadağan edilib. Bununla yanaşı, qaydalara daşınmaz əmlak kreditinin yalnız milli valyutada, xarici valyuta kreditlərin isə yalnız həmin xarici valyutada gəliri olan şəxslərə verilməsi tələbləri gətirilib.Qaydanın qəbulundan sonra yaradılan BOKT-larda nizamnamə kapitalına dair tələb 1 milyon manata çatdırılıb, eləcə də qanunla müəyyən edilmiş kapital tələbinin həddi mövcud və yeni BOKT-lara 1 milyon manatdır. Kapitalın minimum miqdarına olan tələb mövcud BOKT-lara qaydalar qüvvəyə mindiyi tarixdən 3 (üç) ay sonra şamil ediləcək. Kapitalın artımı BOKT-ların daha diversifikasiya olunmuş resurs mənbələrinə çıxışını genişləndirməklə maliyyə vasitəçiliyində rolunu daha da artıracaqdır. Yeni tətbiq edilən tələblərdən biri də öhdəliklərin kapitala nisbəti tələbidir ki, bu da kapitalın 10 misli olaraq müəyyən edilsə də, portfelində yüksək faizli kreditlərin nisbəti yüksək olan təşkilatlara bu tələb müvafiq olaraq 1 və 3 misli təşkil edəcəkdir. Ehtiyatların yaradılmasına dair tələblərə yenidən baxılıb, kreditin növlərinə görə, istehlak və biznes, eləcə də, kənd təsərrüfatı kreditləri üzrə ehtiyat tələbində fərdi yanaşma tətbiq edilib".MB-nin açıqlamasında o da qeyd edilir ki, “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” ilə müəyyən edilmiş kreditlərin verilməsinə dair tələblər bu qaydalar dərc olunduğu gündən əvvəlki dövrdə verilmiş kreditlərə şamil olunmur: "Bu qaydalar qüvvəyə minənədək mövcud olan bütün BOKT-lara həmin qaydaların keçid müddəalarında göstərilmiş müddətlərdə və bundan sonra müvafiq lisenziya əldə edəcək bütün BOKT-lara şamil edilir".HƏBİBƏ

Seçilən
3
afn.az

1Mənbələr