Tatarıstanın rəhbəri Rüstəm Minnixanov Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının Kazana hücumundan sonra tətbiq edilən fövqəladə vəziyyətin ləğvi haqqında sərəncam imzalayıb.
Musavat.cim Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.
Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə ərazi altsisteminin idarəetmə orqanları və qüvvələri üçün dekabrın 21-dən fövqəladə vəziyyət rejimi tətbiq edilib. Qeyd olunur ki, PUA-nın şəhərə hücumunun nəticələrinin aradan qaldırılması üçün əməliyyat işlərinin aparılması zəruri olub. Fövqəladə vəziyyətin tətbiqi haqqında sərəncam respublika sakinlərinə şamil edilməyib.
Xatırladaq ki, dekabrın 21-i səhər saatlarında Ukrayna hərbçiləri pilotsuz uçuş aparatları ilə Kazana hücum edib. Tatarıstan rəhbərinin mətbuat xidmətinin məlumatına görə, səkkiz pilotsuz təyyarənin gəlişi qeydə alınıb, onlardan altısı yaşayış binalarına çırpılıb.
Nəticədə şəhərin Sovetski, Kirovski və Privoljski rayonlarında yanğınlar baş verib. Bundan əlavə, Kazan hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib, həftəsonu şəhərdə kütləvi tədbirlər ləğv olunub.
Daha bir pilotsuz təyyarənin hücum zamanı polis tərəfindən vurulduğu bildirilib.
Musavat.com