AZ

Rüşvət almaqda təqsirləndirilən idarə rəisinin vəsatəti təmin EDİLMƏDİ

Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Əliyevin məhkəmə prosesi keçirilib.

Redaktor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçiləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət veriblər.

Məhkəmə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətini təmin etməyib. Eləcə də cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin olunub.

İttihama görə, Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Təvəkkül oğlu Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Belə ki, o, həmin qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq bir çox şəxs tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almaqda ittiham olunub.

Arzu Əliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvətalma) maddələri ilə təqsirli bilinib.

Seçilən
3
7
redaktor.az

9Mənbələr