İran mediasında Prezident Məsud Pezeşkiana təzyiqlərin artdığı və onun istefa verəcəyi ilə bağlı məlumatlar yayılmaqdadır.
Axar.az xəbər verir ki, bu barədə xüsusən sosial media şəbəkəsində informasiyalar dərc olunur.
Qeyri-rəsmi məlumatlara görə, Pezeşkian “İffət və Hicab qanunu”na qarşı çıxdığına görə mühafizəkarlar tərəfindən təzyiqlərə məruz qalıb.
Bununla yanaşı, o, “sanksiyaların ləğv edilməsi üçün Qərblə danışıqlar” aparılması, “məcburi hicab qaydalarının ləğv edilməsi”, “etniklərin əsas hüquqlarının verilməsi” ilə bağlı təkliflərinin qəbul edilmədiyinə görə istefa barədə düşünür.
Məlumatlarda onun bu barədə İran rəhbəri Əli Xameneiyə məlumat verdiyi, Xameneinin buna qarşı çıxdığı bildirilib.
Hökumətin İnformasiya Şurasının başçısı Əli Əhmədniya prezidentin istefası barədə məumatları təkzib edib.
Qeyd edək ki, Məsud Pezeşkian İran parlamentinin Ali Mədəni İnqilab Şurasının təsdiq elətdirdiyi “Hicab qanunu”nun icrasının qarşısını aldıqdan sonra mühafizəkar siyasi cərəyana bağlı qrupların tənqidləri ilə qarşılaşıb. Cümə imamları, radikal din xadimləri və millət vəkilləri onu üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırmaqda ittiham ediblər.
Bir neçə gün qabaq isə Tehranın Keşavərz meydanında SEPAH-a bağlı “Bəsic” (könüllülər ordusu) üzvləri Məsud Pezeşkiana qarşı aksiyası keçiriblər.