AZ

Tramp Ərdoğana görə planı dəyişdi - “Suriyanın şimalında kürd dövləti...”

Əsəd rejiminin devrilməsindən sonra PKK/YPG terror təşkilatı “dövlət içində dövlət” kimi qala bilməyəcək, çünki yeni hökumət bütün ölkəyə nəzarəti təmin edəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Cefri deyib.

“Suriyada baş verən proseslərin əsas qəhrəmanı Əsəd rejimi və havadarları İran və Rusiyanın zülmünə qarşı müqavimətini heç vaxt dayandırmayan Suriya xalqıdır. İkincisi, Türkiyənin rolu çox önəmlidir. Türkiyə üç milyondan çox qaçqını qəbul elədi və müqaviməti dəstəklədi. ABŞ və İsrailin İrana təzyiq göstərməsi, Rusiyanın isə Ukraynada başının qarışması vacib idi. BMT-nin həyata keçirdiyi proses də münaqişəni dondurdu”, - diplomat bildirib.

Cefri Türkiyənin Suriyada əsas rolda olduğunu vurğulayıb:

“Türkiyə əsas roldadır. Əslində, ABŞ-la yanaşı, ən önəmli xarici aktordur. Türkiyənin Suriya ilə sərhədində kritik təhlükəsizlik narahatlıqları var, bu, Suriyanı idarə edəcək hər kəsin nəzərə almalı olduğu bir məsələdir. Türkiyə həm sərhədlərinin mühafizəsində, həm də Suriya müxalifətinin düşüncəsinə təsir etməkdə böyük rol oynayır”.

Keçmiş səfir YPG-nin Türkiyə üçün problem olduğunu, amma mərkəzi hökumətin bütün ölkə üzərində nəzarəti ələ alması ilə problemin aradan qalxacağını qeyd edib:

“SDQ/YPG-nin “dövlət içində dövlət” olaraq qalması Ankara üçün problemdir. Ancaq bu vəziyyət müvəqqətidir. Bu struktur “dövlət içində dövlət” və ya hərbi qüvvə olaraq qala bilməz. Müvəqqəti hökumət bütün ölkədə nəzarəti saxlaya və qüvvələri səfərbər edə bilər. Türkiyə və ABŞ Suriyanın şimal-şərqində atəşkəs və bəzi SDQ qüvvələrinin sərhəddən çıxarılması üzərində işləyir”.

Cefri Suriya siyasətinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ikinci dövründə də davam edəcəyini gözlədiyini və Ankara-Vaşinqton əməkdaşlığının güclənəcəyini söyləyib:

“Prezident Tramp onunla işlədiyim zaman Suriyanın şimal-şərqində kürd dövlətinin yaradılması ideyasını dəstəkləməmişdi. Tramp bu siyasəti davam etdirəcək. Ancaq qoşunların çıxarılıb-çıxarılmayacağı barədə heç nə deyə bilmərəm. Ankara ilə Vaşinqton arasında bir çox sahələrdə yüksək səviyyədə əməkdaşlıq var. Düşünürəm ki, Tramp administrasiyası bu əlaqələri daha da yaxınlaşdıracaq. Bunun səbəbi, Trampın dediyi kimi, Prezident Ərdoğanla yaxın münasibəti və ona olan heyranlığıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu
phrase_var_article.chosen
3
2
teleqraf.com

3phrase_var_article.sources