AZ

"Keşlə bazarı"nda etiraz aksiyası

Dekabrın 22-də "Keşlə bazar"ında fəaliyyət göstərən satıcılar etiraz aksiyası keçiriblər. Onlar yanvarın 1-dən bazarın bağlanmasına etiraz ediblər.

Satıcılar bazarın bağlanmasının mart ayına kimi təxirə salınmasını xahiş edirlər: "Bizə əvvəlcədən xəbərdarlıq etməli idilər, indi bu boyda malla hara gedək?"

Aksiya zamanı satıcılar yolunu bağlamağa cəhd ediblər. Hadisə yerində olan polis əməkdaşları buna müdaxilə ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Turan-a bildirib ki, bir qrup şəxsin avtomobil yolunu bağlama cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Hər hansı şəxs saxlanılmayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Keşlə bazarı"nın sökülməsini Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işlərinin icrası ilə izah edir. Qurum artıq may ayından bazar rəhbərliyinə məsələ ilə bağlı xəbərdarlıq etdiyini vurğulayır.

Agentlikdən Turan-a bildirilib ki, sözügedən bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, bazarda söküntü işlərinin başlanılması 2025-ci il fevral ayının 1-nə qədər təxirə salınır.

Seçilən
13
turan.az

1Mənbələr