AZ

GÜNDƏM:Prezident İlham Əliyev din xadimlərinə müraciət, Roma Papasına təbrik məktubu ünvanlayıb və idmançıları təltif edib, Naxçıvanda yeni İES-in tikintisi ilə bağlı sərəncam imzalayıb

Prezident İlham Əliyev “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Fins.az xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları!

Sizi – “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Forumun iştirakçılarını salamlayıram.

Ayrı-ayrı dini etiqad və inanclara mənsub icmaların əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda tarixən qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni münasibətlər sistemi formalaşmışdır. Yüz illərlə nümunəvi tolerantlıq ənənələrinin mövcud olduğu ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Təsadüfi deyil ki, dünya dini liderlərinin mötəbər beynəlxalq tədbirlərinə uğurla ev sahibliyi edən Azərbaycan bu gün mədəniyyətlərarası əməkdaşlıq və dialoq məkanına çevrilmişdir.

Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, zəngin multikulturalizm dəyərlərinin təbliği və təşviqi dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir. Ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara uyğun həyata keçirilir. Biz bu təcrübəni ictimai-siyasi sabitliyin və həmrəyliyin vacib amili kimi qiymətləndiririk.

Hazırda dünyada cərəyan edən mürəkkəb proseslər, dinin siyasi məqsədlər üçün vasitəyə çevrilməsi, ksenofobiya, ekstremizm, məzhəbçilik kimi mənfi təzahürlər beynəlxalq sülhə və əmin-amanlığa ciddi təhdidlər yaratmaqdadır. Belə təhlükəli amillərin vaxtında qarşısının alınması üçün dinin cəmiyyət həyatında yerinin və rolunun düzgün qiymətləndirilməsi, mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi, dini təhsil və maarifləndirmə istiqamətində fəaliyyətin gücləndirilməsi günümüzün zəruri məsələlərindəndir. Bu sahədə din xadimlərinin üzərinə böyük vəzifələr düşür.

Azərbaycanda müxtəlif konfessiyaları təmsil edən din adamlarının, ilahiyyatçıların, alim və mütəxəssislərin aktual problemlərin müzakirəsi ilə bağlı bir araya gəlməsini təqdirəlayiq hesab edirəm. Əminəm ki, toplantınız konstruktiv müzakirələr şəraitində keçəcək, ölkəmizdə dini maarifləndirmənin müasir tələblərə uyğun təşkilinə və mənəvi-əxlaqi dəyərlərin təbliğinə layiqli töhfə verəcəkdir.

Bir daha sizə ən xoş diləklərimi yetirir, Forumun işinə uğurlar arzulayıram.

* * *

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, sərəncam “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar dövlət–özəl tərəfdaşlığı imkanlarından istifadə edilməklə Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının artırılmasını və elektrik enerjisi ixracının həyata keçirilməsini təmin etmək məqsədilə imzalanıb.

Sənədə əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti beynəlxalq təcrübə nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi üçün potensial tərəfdaş investorlarla danışıqlar aparılmasını, məsləhətçi şirkətlərin cəlb edilməsini, Texniki İqtisadi Əsaslandırmanın və digər layihə sənədlərinin hazırlanmasını və layihənin həyata keçirilməsi ilə bağlı yekun təkliflərin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla beş ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə tikiləcək yeni istilik elektrik stansiyasının ötürücü şəbəkəyə qoşulması və bundan irəli gələn digər zəruri infrastrukturun təkmilləşdirilməsi üzrə işlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin layihənin həyata keçirilməsi mərhələsinə uyğun olaraq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə (investisiya xərcləri) nəzərə alınmasını təmin etməli; Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə razılaşdırmaqla istilik elektrik stansiyasının tikilməsi üçün torpaq sahəsi ilə bağlı təkliflərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə təqdim edilməsini və bundan irəli gələn məsələlərlə əlaqədar müvafiq tədbirlər görülməsini bir ay müddətində təmin etməli;

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə istilik elektrik stansiyasının Naxçıvan Muxtar Respublikasının enerji sisteminə qoşulması, enerji sisteminin tənzimlənməsi və Naxçıvan Muxtar Respublikasının daxili tələbatının ödənilməsi üçün zəruri olan elektrik enerjisi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli; bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

* * *

Prezident İlham Əliyev Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb.

Fins.az xəbər verir ki, məktubda deyilir.

"Zati-müqəddəsləri,

Müqəddəs Milad bayramı münasibətilə Sizə və Sizin simanızda bütün həmməzhəblərinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Mərhəmət, xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirən, yeni ruh gətirən bu nurlu bayram özünün bütün məramı ilə insanlar arasında qarşılıqlı anlaşmanı, dəstəyi və birliyi tərənnüm edir. Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan xristian icması tərəfindən bu bayramın daim xüsusi coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd edilməsi ölkəmizdə hökm sürən etnik-mədəni müxtəliflik, zəngin multikulturalizm ənənələrinin bariz təzahürüdür.

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir. Biz bütün bunlarla fəxr edir və bu dəyərləri milli sərvət kimi qoruyuruq. Təsadüfi deyil ki, xalqlararası dostluğun və dinlərarası harmoniyanın, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən olmaqla yanaşı ilk növbədə xalqımızın təbii yaşam tərzidir.

Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Yüz illər boyu Azərbaycanda məskunlaşıb vahid ailə kimi yaşayan xristian vətəndaşlarımız Vətənlərinin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində yaxından iştirak edərək doğma ölkəmizin rifahına böyük töhfələr verirlər. Ərazimizdə mövcud olan qədim xristian irsi, məbədlər, kilsələr və digər ibadət yerləri, məscidlər və sinaqoqlar kimi eyni səviyyədə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Ölkəmiz eyni zamanda dünya mədəni irsinin incilərindən sayılan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında formalaşmış münasibətlər bizi sevindirir. İkitərəfli əlaqələrimizin tarixi çoxsaylı qarşılıqlı səfərlər, daimi təmaslar və əlamətdar hadisələrlə zəngindir. Məmnunluqla qeyd etmək istərdim ki, ölkəmizdə sayca ikinci olacaq və Papa II İohann Pavelin şərəfinə ucaldılacaq yeni katolik kilsəsi ölkəmizdə katolik dini icmasına göstərilən böyük diqqət və qayğının təzahürü, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında yüksək səviyyəli əlaqələrin yeni rəmzidir.

Zati-müqəddəsləri,

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə təşəkkürümü bildirir, ölkəmizin multikulturalizm və tolerantlıq ənənələrini daim yüksək dəyərləndirdiyiniz üçün minnətdarlığımı ifadə edirəm.

Əminəm ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı səmərəli əməkdaşlıq bundan sonra da dünyada dinlərarası və mədəniyyətlərarası anlaşmanın təşviqi, ümumbəşəri dəyərlərin qorunub saxlanması, insanlar arasında həmrəyliyin bərqərar olmasına xidmət edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə doğum gününüz və qarşıdan gələn Yeni, 2025-ci il münasibətilə də ən səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".

* * *

Prezident İlham Əliyev Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Bağırov Natiq Nadir oğlu

Bunyatəliyev Rauf Əli-Heydər oğlu

Qurbanov Cavanşir Kazım oğlu

Sadıqov Sadıq Asəf oğlu

“Tərəqqi” medalı ilə

Abbasova Zərqələm Məstan qızı

Abdullayev Vasif İslam oğlu

Cəfərov İqrar İsa oğlu

Əliyev Fərhad Vaqif oğlu

Mamedov Musa Saleh oğlu

Məmmədov Aydın Ağa-Əli oğlu

Musayev Nəsimi Hüseyn oğlu

Rəsullu Rəşad Fərhad oğlu

Tahirov Tahir Sahibcan oğlu

Verdiyev Vüqar Mürvət oğlu.

Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:

Abdullayev Nəriman Sadıx oğlu

Umudov Rövşən Ağahüseyn oğlu.

Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Qarayev Faiq Əli oğlu

Qiyasov Mirağa Şahbudağ oğlu

Tağıyev Ramiz Cahangir oğlu.

Seçilən
3
fins.az

1Mənbələr