AZ

Səfirlər Müşavirəsində Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektlərindən bəhs edilib

Dekabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın dəvəti əsasında bu ölkəyə işgüzar səfəri çərçivəsində bu ölkənin Səfirlər Müşavirəsində iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Herbiand.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov çıxışı zamanı Azərbaycan-Serbiya strateji tərəfdaşlığının siyasi, iqtisadi, enerji, humanitar aspektlərindən, ölkələrimizi birləşdirən ümumi çağırışlar və onlarla mübarizədə ortaq yanaşmamızdan ətraflı bəhs edib.

İki ölkə arasında 30 ilə yaxın tarixi olan diplomatik münasibətlərin bu gün Azərbaycan və Serbiya rəhbərliyinin birbaşa iştirakı ilə özünü əməldə, çoxşaxəli strateji tərəfdaşlıqda göstərdiyi qeyd olunub.

Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurası, Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya, habelə siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlığın inkişafında vacib rolundan bəhs edilib.

Ölkələrimiz arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivlərindən geniş şəkildə bəhs olunub, Azərbaycanın Avropada enerji diversifikasiyasının transformasiyasında oynadığı rolun əhəmiyyəti, o cümlədən cari ildə qaz ixracı sahəsində Serbiya ilə əməkdaşlığın nəticələr verməsi məmnunluqla vurğulanıb. Yaşıl enerji sahəsinin ölkəmizin prioritetlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı enerji kabeli layihəsi, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında "yaşıl enerji" sahəsində strateji tərəfdaşlıq kimi təşəbbüslərin Xəzər və Qara dəniz hövzələrindən keçməklə Avropa və Mərkəzi Asiyanın əlaqələndirilməsində mühüm addımlar olduğu diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin bu il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri barədə Müşavirə iştirakçılarını ətraflı məlumatlandıraraq, yeni iqlim maliyyəsi hədəfinin razılaşdırılması, Paris sazişinin 6-cı maddəsi üzrə danışıqların yekunlaşdırılması, İtki və Zərər Fondunun fəaliyyətə başlaması üçün hazır vəziyyətə gətirilməsi istiqamətində əldə olunan uğurların qlobal iqlim gündəliyində əhəmiyyətindən bəhs edib.

Azərbaycan və Serbiyanı birləşdirən ortaq xüsusiyyətlər qismində ölkələrimiz arasında ərazi ölçüsü, əhali sayı, xalqlarımız arasında mövcud tarixi bağlar ilə yanaşı, təxminən eyni tarixi dövrdə müstəqillik qazanan hər iki ölkənin beynəlxalq hüququn selektiv tətbiqinə məruz qaldığı, ölkələrimizin ikili standartlar problemi ilə üzləşdiyi bildirilib.

Ölkələrimizin xarici aktorlara arxalanmamağın, geosiyasi qarşıdurmalarda tərəf olmamağın, manipulyasiya və müdaxilələrdən qaçmaq üçün birbaşa danışıqlara üstünlük verilməsinin əhəmiyyətini anladığı qeyd edilib. Bu baxımdan Azərbaycanın və Serbiyanın xarici siyasətində eyni dəyərləri, xüsusilə ərazi bütövlüyü və suverenliyə daimi dəstəyi rəhbər tutmasının və bunun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə Serbiyanın xarici işlər naziri Marko Curiç, XİN-in kollektivi, bu ölkənin xaricdəki səfirləri, habelə Serbiya parlamentinin sədri Ana Brnabiç iştirak ediblər.

Seçilən
0
14
herbiand.az

10Mənbələr