AZ

“Estetik gözəlliyə önəm verənlərin çoxu özgüvən problemindən əziyyət çəkir”- PSİXOLOQ

Yazını böyüt
Yazını kiçilt

“Bu tendensiyanı insanlar özü yaradır. Zövq məsələsi getdikcə dəyişir. Əvvəllər zövq fərdi idisə, indi ümumiləşib, fərdiyyət get-gedə itir. Bu səbəbdən də psixoloji iradəsi zəif olan insanların estetik müdaxilələrə marağının artması tendensiyası müşahidə olunur”.

Bunu Hafta.az-a açıqlamasında psixoloq Vəfa Əkbər bildirib.

Onun fikrincə, estetik gözəlliyə önəm verən insanların əksəriyyəti həm də özgüvən problemindən əziyyət çəkir: “Onlar öz potensiallarına bələd deyillər və olanlarını da ortaya çıxara bilmirlər. Özlərini təqdimatda çətinlik çəkdikləri üçün gözəllik etalonu ön plana keçir. İnsanların dəbə uyğun gözəllik anlayışı nədirsə, ona uymağa çalışırlar, daim diqqət cəlb etmək istəyirlər. Daha özgüvənli, özünə əmin, gücünə bələd insanda isə hər hansı bir estetik müdaxiləyə rast gəlmək mümkün deyil. Çünki həmin insanın buna ehtiyacı yoxdur. Hətta ümumi anlayışda qəbul olunmuş müəyyən bir qüsuru olsa belə onu narahat etmir. Çünki o, kifayət qədər sevgini, diqqəti, qayğını, rəğbəti öz bilik və bacarıqları ilə əldə edə bilir”.

Psixoloq hesab edir ki, gələcəkdə bu tendensiyanın psixoloji fəsadları ortaya çıxa bilər: “Bu istiqamətdə maarifləndirməyə təhsildən başlamaq lazımdır. Sağlam təhsil sistemi formalaşdırılmalıdır. Eyni zamanda, valideynlər övladlarına qarşı diqqətli olmalıdırlar. Hər şeyi geyindirmək, yedizdirmək, gəzdirmək əsas şərt deyil, uşağın daxili aləmindən xəbərdar olmaq lazımdır ki, o uşaq özünü xoşbəxt hiss etsin. Özünü xoşbəxt hiss edə bilməyən uşaqlar sonradan özünü estetik masada görəcəklər”.

Seçilən
6
hafta.az

1Mənbələr