"Bu forum ilk dəfə Azərbaycanın bütün dini liderlərini bir araya gətirir. Panelimizin əsas mövzusu multikulturalizmdir. Biz bu barədə Azərbaycanda hər zaman xüsusi qürur hissi ilə danışırıq, çünki bizim canlı təcrübəmiz Azərbaycan xalqının əsrlər boyu formalaşmış ənənələrinə və dövlət siyasətinin bu sahədə dəstəyinə əsaslanaraq müxtəlif etnosların və dinlərin nümayəndələri arasında yüksək səviyyəli qarşılıqlı anlaşma və hörmət mühitinə nail olduğunu əks etdirir".
Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete Azərbaycan Din Xadimlərinin Forumunda deyib.
"Katolik Kilsəsinin yepiskopu kimi mənim üçün xüsusilə xoşdur ki, ölkəmizdə Roma Papalarının, xüsusən də unudulmaz Yəhya Pavel II-nin və hazırkı Papa Fransiskin çağırışlarının həyata keçməsinə şahidlik edirik. Hər iki papanın dövrü dinlərarası dialoqa, sülh şəraitində birgəyaşayışa və ilahi vəhyə, hər bir şəxsin hüquq və azadlıqlarına hörmət əsasında daha gözəl bir gələcək qurmağın yollarını axtarmağa xüsusi diqqət ilə seçilir.
1983-cü ildə, Ümumdünya Sülh Günü münasibətilə müraciətində müqəddəs Papa Yəhya Pavel II deyib: “Həqiqi dialoq insanın ayrılmaz ləyaqətinin tanınmasıdır. Bu, insan həyatına hörmət üzərində qurulub”.
Bu qısa və sadə ifadə müvəffəqiyyətli dialoqun əsas prinsipini, multikulturalizm və tolerantlıq haqqında danışmadan öncə əsas şərtləri əks etdirir. Katolik Kilsəsi cəmiyyətdə hər bir insana hörmət bəslənməsini təşviq edir, bunu onun ilahi mənşəyinə və həyatının Allah tərəfindən təyin edilmiş dəyərinə əsaslandırır.
Bu baxımdan, Azərbaycan təcrübəsi xüsusi dəyər kəsb edir, çünki Azərbaycan cəmiyyətində tolerantlıq və multikulturalizm mədəniyyəti xalqın mənəvi ənənələri ilə ayrılmaz şəkildə bağlıdır" - deyə yepiskop əlavə edib.
O qeyd edib ki, Azərbaycan unikal tarixə və taleyə malik bir ölkədir:
"Sivilizasiyaların kəsişməsində yerləşərək, ölkə öz tarixi etnik, mədəni və dini müxtəlifliyini qoruyub saxlayıb. Rahatlıqla deyə bilərik ki, multikulturalizm Azərbaycanda cəmiyyətin və dövlətin mahiyyətini təşkil edən xüsusiyyətlərdən biridir. Buna görə də, multikulturalizmin qorunub saxlanması ölkənin təhlükəsizliyinin və inkişafının təmin edilməsi baxımından son dərəcə önəmlidir.
Azərbaycanın seçdiyi siyasi və ictimai kurs, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu “azərbaycançılıq” konsepsiyası, həmçinin Prezident İlham Əliyevin bu sahədə həyata keçirdiyi aktiv siyasi və diplomatik fəaliyyət çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətini millətin birliyi və ölkənin sabitliyini təmin edən əsas amillərdən birinə çevirib.
Bu gün Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələri sülh və harmoniya şəraitində birgə yaşayır. Azərbaycan bizim hamımızın ortaq evidir və hər birimiz öz gücümüz və imkanlarımız daxilində onun rifahı üçün çalışırıq.
Azərbaycanda digər bir əlamətdar nailiyyət isə Azərbaycan Respublikasının dünyəvi xarakterini ənənəvi dini icmaların fəaliyyətinə dövlət dəstəyi ilə harmonik şəkildə birləşdirmək bacarığıdır. Təəssüf ki, dünyanın bəzi inkişaf etmiş ölkələrində siyasətçilərin dinin cəmiyyətdəki rolu ilə bağlı münasibəti etimadsızlıq və önyarğı ilə seçilir, dini dəyərlər cəmiyyətin həyatından sıxışdırılır. Amma Azərbaycan dünyəvi ölkə olaraq, dinin insan həyatındakı əhəmiyyətini başa düşür və qəbul edir.
Cənab prezidentin birbaşa dəstəyi ilə ölkə boyu tarixi məscidlər bərpa olunur, yeni məscidlər, kilsələr, sinaqoqlar və Azərbaycanın ərazisində yaşayan xalqların mədəni və dini mərkəzləri inşa edilir.
Dövlətin dini icmalara göstərdiyi qayğıya parlaq nümunə bu ilin may ayında Azərbaycandakı Katolik Kilsəsinə Bakıda yeni katolik məbədinin tikintisi üçün torpaq sahəsinin ayrılmasıdır. Yaxın keçmişdə biz Dövlət Komitəsinin rəhbərliyi, Heydər Əliyev Fondu və digər dini icma üzvləri ilə birlikdə həmin ərazinin və təməlin müqəddəsləşdirilmə mərasimində iştirak etdik. Yeni məbəd Azərbaycana səfər etmiş ilk Roma pontifi olan Müqəddəs Yəhya Pavel II-ə həsr olunacaq.
Buradan bir daha prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya Azərbaycandakı Katolik Kilsəsinin ehtiyaclarına göstərdikləri qayğıya və diqqətə görə dərin minnətdarlığımızı ifadə etmək istəyirəm.
Azərbaycan bu gün mədəniyyətlərarası və dinlərarası dialoq üçün dünyanın əsas platformalarından birinə çevrilmişdir. Bu, xüsusilə indi, dünyanın müxtəlif ziddiyyətlərdən, onlara gətirib çıxaran qanlı və amansız münaqişələrdən əziyyət çəkdiyi bir zamanda çox qiymətlidir. Azərbaycan dialoqu və qarşılıqlı fəaliyyəti təklif edərək, sülhün təməlini qurur. Bu yanaşma biz, katolik xristianlar üçün də çox dəyərlidir.
Afaq Mirayiq,
Musavat.com