AZ

Azərbaycan yeni hədəflərə doğru inamla addımlayır - ŞƏRH

Bakı, 23 dekabr, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevral ayında keçirilmiş prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində böyük qürur hissi ilə bildirdi ki, 2003-cü ildə verdiyi bütün vədlər yerinə yetirildi. Ötən dövrün hesabatı kimi dəyərləndirilən bu fikrin davamı olaraq o da qeyd olundu ki, verilmiş vədlər arasında birincisi, təbii ki, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabrın 1-də xalqa tarixi müraciətində əminliklə bildirmişdi ki, axıra çatdıra bilmədiyi işləri, planları İlham Əliyev axıra çatdıracaq. Ona özü qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyir.

Göründüyü kimi, İlham Əliyev prezidentlik dövrünün 20 ilində bütün vədləri yerinə yetirməklə ona göstərilən etimadı, ümidləri doğrultdu, 30 il işğal altında qalan torpaqlarımızı tarixi sahibinə qovuşdurdu, Azərbaycan Bayrağının Şuşada, Xankəndidə, Xocalıda, azad edilmiş bütün torpaqlarda ucaldılmasına nail oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin adını çoxəsrlik tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdırması böyük qətiyyətin, siyasi iradənin, düşünülmüş siyasətin, liderlik bacarığının nümayişi oldu. Prezident İlham Əliyev qeyd etdi ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, son bir il suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərə doğru inamla addımladığı mərhələdir: “Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə xarici siyasət uğurlarının miqyasını daha da genişləndirir, ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycan həmişə yeni əməkdaşlıq formatlarının müəllifi kimi nüfuz qazanır. Yeni körpülərin qurulması, müxtəlif mədəniyyətlərin, dinlərin bir araya gətirilməsi prioritet məsələlər kimi daim öndə dayanır. Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edib. 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir dövlətimizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir”.

Malik Həsənov vurğulayıb ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı xalqın qalib ruhunun güzgüsüdür: “İqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə rəğmən dövlətimizin başçısının nümayiş etdirdiyi yüksək peşəkarlıq və xalqa arxalanma siyasəti Azərbaycanda yaşanan ümumxalq birliyinin səbəbidir. Prezident İlham Əliyev verilən bütün vədlərin yerinə yetirildiyini əsaslı şəkildə diqqətə çatdırarkən bu mühüm məqamı xüsusi qeyd edir ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Azərbaycan xalqı bütün dünyaya böyük xalq olduğunu, taleyini özü həll etdiyini sübut edib”.

Deputat Azərbaycanın tarixi Zəfərindən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən bəhs edərək bu zəfərləri uğurlarımızın zirvəsi kimi səciyyələndirib: “Dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilmiş andiçmə mərasimində bildirmişdi ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin yolu ilə yeni qələbələrə doğru gedəcək. Təbii ki, 2003-cü ildən bu günədək keçilən yolu təhlil etdikdə Azərbaycanın addım-addım hədəflərə doğru irəlilədiyini görür və bundan qürur hissi keçiririk. Güclü Azərbaycan həmişə həyata keçirilən siyasətin əsasında dayanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə davamlı uğurlara imza atıb. Dayanıqlı iqtisadi inkişafı ilə diqqətdə olan Azərbaycan özünü dünyaya sosial dövlət, demokratik islahatlar sahəsində zəngin təcrübəyə, dünyanın ən güclü orduları sırasında qərarlaşan orduya malik ölkə kimi təqdim edir. Rəşadətli Azərbaycan Ordusu gücünü, qüdrətini 44 günlük İkinci Qarabağ müharibəsində və birgünlük antiterror tədbirlərində nümayiş etdirdi. Bu zəfərlər, eyni zamanda, Azərbaycanın informasiya cəbhəsində üstünlüyünün nümayişi oldu”.

Malik Həsənov vurğulayıb ki, Azərbaycanın son 21 ildə qazandığı uğurlarının miqyası olduqca genişdir və onları sadalamaqla bitməz: “Artıq yeni dövrə qədəm qoyan Azərbaycanın yeni hədəflərindən bəhs edirik. Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi yeni dövrün başlanğıcı oldu. Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi təsis edildi. Son bir il yeni dövrün yeni reallıqları ilə diqqətdədir. 2024-cü ilə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş xalq kimi qədəm qoymuş Azərbaycan xalqı sevinclidir, xoşbəxtdir. Bu il seçki ili kimi xarakterizə olunur. Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident və parlament seçkiləri keçirildi. Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyası “Qalib xalqın qalib Lideri”, “Yeni dövrə yeni Azərbaycanla” söylədi. Bu seçki prosesləri yeni Azərbaycanın qarşısında yeni imkanlar, üfüqlər açdı. Bu il, eyni zamanda, Azərbaycanın COP29 tədbirinə yüksək səviyyədə ev sahibliyi ilə diqqətdə oldu. Dekabrın 19-da Azərbaycan növbəti diplomatik uğura imza atdı. Belə ki, Qahirədə İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) Zirvə toplantısı zamanı təşkilata üzv qəbul edilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir, İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindən dəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun və əməkdaşlığımızın göstəricisi kimi dəyərləndirilir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir. Qalib, bütövləşən, yeni Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da möhtəşəm uğurlara, yeni-yeni hədəflərə nail olacaq”.

phrase_var_article.chosen
60
azertag.az

1phrase_var_article.sources