AZ

Bakıda əri tərəfindən şiddət görən qadın övladı ilə birlikdə evdən qaçdı —TƏFƏRRÜAT

Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Emin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Laləyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 25 mart 2023-cü ildə baş verib. Emin həmin gün saat 13 radələrində yaşadığı evdə arvadı Lalə ilə ailə məişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla burun nahiyəsindən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Eminin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Laləyə qarşı fiziki zor tətbiq etməyib, ona xəsarət yetirməyib: “Buna görə də elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir:

Hazırda boşanma mərhələsindəyik. Heç bir zaman Laləyə qarşı fiziki zor tətbiq etməmişəm, ona xəsarət yetirməmişəm. Lalənin hansı şəraitdə xəsarət alması barədə məlumatım yoxdur. Belə bir hadisə olmayıb.. Lalə məndən icazə alıb həkimə getməyib. Uşağa görə bir yerdə yaşamışıq, münasibətlərimiz yaxşı olmayıb. Lalənin üzünü gipsli görməmişəm”.

İş üzrə zərərçəkmiş Lalənin sözlərinə görə, 2017-ci ildə Emin ilə ailə həyatı qurub: “Ailə qurduğum gündən şiddətə məruz qalmışam. Həyat yoldaşım ilə aramızda heç bir problem olmayıb. Lakin Eminin anası Kəmalə hər sadə məsələni böyüdərək problemə çevirdi. 2018-ci ildə oğlum Cəmil doğulub.

Uşaq doğulandan sonra problemlər daha da artdı. Mübahisələrimiz səbəbi guya mən uşağa baxa bilmirəm, məsuliyyətsiz anayam. Uşağın anası mən olmağına baxmayaraq evdə mənə dayə kimi davranıldı, uşağın üstündə ana kimi heç bir söz haqqım olmayıb”.

Lalə qeyd edib ki, hazırki cinayət işi ilə bağlı mübahisə 25 mart 2023-cü ildə baş verib: “Uşağı həyətə düşürdüm, evə gətirdikdə oğluma əllərini yumağını dedim. Cəmil isə əllərini yumaq istəmədiyini bildirdi. Qayınanam həmişə uşağın istədiklərini etmədiyimə görə söz-söhbət saldığından Cəmilə əllərini yumağı ilə bağlı təkid etmədim. Kəmalə bu hadisəni bəhanə edərək məni söyüşlü ifadələrlə təhqir etdi, dava çıxardı. Bir müddət sonra mən uşağı yatızdırmağa apardım. Birdən evdə səs-küyün qalxdığını eşitdim, nə baş verdiyini anlamadan Emin otağa girərək üstümə qışqırdı, uşağın əllərini həyətdən gələndən sonra niyə yumadığımı soruşdu. Mən məsələni izah etməyə çalışdım. Lakin Emin məni dinləmədi. Mübahisə zamanı ailə üzvlərimin hamısı evdə olub. Baldızıma məsələni izah etdim. Lakin baldızım mənim analığım ilə bağlı xoşagəlməz ifadələr işlətdi. Həmin an Emin yumruq ilə üzümə vurdu. Zərbənin təsiri ilə mən yatağa yıxıldım. Yumruqdan sonra burnumdan qan axmağa başladı. Dava zamanı qayınanam dedi ki, vur başından, mən lazım gəlsə evi satıb səni bu işdən qurtararam”. 

Lalənin ifadəsinə görə, hadisə baş verən zaman evdəki heç kim müdaxilə etməyib: “Mən özüm duraraq burnumun qanını yudum. Bir müddət qanaxma dayanmadı. Daha sonra birtəhər qanaxmanı dayandıra bildim. Lakin ağrılarım çox olduğundan Emindən həkimə getməyimə icazə verməsini, həkim üçün pul istədim. Lakin Emin polisin hadisədən xəbər tutmasında çəkindi və qətiyyən həkimə getməyə imkan vermədi. Mən daha sonra həkimə getmək üçün yalvardım, polislərə heç nə deməyəcəyimi dedim. Emin mənə əgər polisə müraciət etsəm, uşağı bir daha göstərməməklə hədələdi. Yalnız martın 28-də, səhər saatlarında 11 saylı poliklinikaya getdim. Orada burun sümüyümün sındığı məlum oldu və Sabunçu Xəstəxanasına göndərildim.

Xəstəxanada burnuma gips qoyuldu. 15 gün gipsdə qaldım. Emin məni hədələdiyi üçün polisə şikayət etmədim. Hadisə zamanı Eminin bacısı, anası, qardaşı, oğlum Cəmil də evdə olub. Bu hadisədən sonra uşaqla evdən çıxaraq getdim. Emin mənim və oğlumun evdə olmaması ilə bağlı polisə axtarış verdi. Polis də məni taparaq uşağı atası ilə görüşdürdü. Atası uşağı götürdükdən sonra 70 gün göstərmədi”. 

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Emin 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
9
demokrat.az

1Mənbələr