Azərbaycan Premyer Liqasında qış fasiləsinə vahid lider kimi yollanmış “Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.
Arena.az bu barədə Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir.
Qurban Qurbanovun çalışdırdığı komanda 2024/2025-ci illər mövsümünün ikinci yarısına hazırlığı Bakıda keçirəcək.
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Araz-Naxçıvan”la dekabrın 22-də baş tutan oyunundan (2:0) sonra istirahətə buraxılan futbolçular 2025-ci ilin yanvarın 3-də bir araya gələcəklər. Komandanın hazırlıq prosesi “Azərsun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.
Bakıdakı toplanış çərçivəsində iki yoxlama oyunu keçiriləcək. “Qarabağ” yanvarın 9-da “Kəpəz”, üç gün sonra “Zirə” ilə üz-üzə gələcək.
Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-19-da keçiriləcək 19-cu turun matçları ilə başlayacaq.