AZ

Moldova qaynayır: Rusiyaya ikinci cəbhə açılır?

Moldova Prezidenti Maya Sandu Dnestryanıda hərbi əməliyyat planı hazırlayır. 

Heç kim onun müharibəyə cəhd etməyəcəyinə zəmanət verə bilməz.

Yerli mətbuatda yayılan məlumatlara görə, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosunın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Moldova Prezidenti bu yaxınlarda ölkənin hökumət rəhbərliyi ilə enerji təhlükəsizliyi məsələləri ilə bağlı görüş keçirib. 

“Görüş Sandunun Dnestryanı üzərində nəzarətin qurulması və bölgədə Rusiyanın sülhməramlı varlığının aradan qaldırılması üçün hərbi əməliyyat planının hazırlanmasının zəruriliyi barədə sözləri ilə yekunlaşıb. Heç kim təminat verə bilməz ki, Moldova Prezidenti həqiqətən regionda real müharibəyə başlamağa cəhd etməyəcək”, - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib.

Maraqlıdır, Qərb güc mərkəzləri Rusiyanın düşdüyü hazırkı ağır vəziyyətdən istifadə edərək, Dnestrayanıda yeni gərginlik yaratmağa cəhd edə bilər? Dnestryanıda növbəti münaqişənin baş verəcəyi gözlənilir? Rus qoşunlarını bu bölgədən çıxarmaq mümkün olacaq?

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, mövcud vəziyyətdə Moldovanın Dnestrayanı bölgəyə yenidən nəzarət etməyə cəhd etməsi istisna deyil: 

“Ümumiyyətlə, postsovet məkanında rus kəşfiyyatının və Kremlin siyasi strateqlərinin ortaq şəkildə yaratdıqları separatçı bölgələrdə baş verən maraqlı proseslər onu deməyə əsas verir ki, artıq bu məkanda separatizm dövrü başa çatmaq üzrədir.

Qeyd edim ki, vaxtilə MDB məkanında ən böyük separatçı məkanı olan Qarabağda qondarma qurum yoxdur və Azərbaycan öz ərazi bütövlüyünü tamamilə bərqərar edib.  

İndi proseslər Gürcüstanın ərazisindəki separatçı bölgələrə yönəlir. Moskvanın həm Abxaziya, həm də Cənubi Osetiya ilə bağlı mövqeyini dəyişmək ehtimalı müşahidə olunur.

Rusiya Gürcüstan hakimiyyətini gücləndirmək üçün bu iki bölgədən əlini çəkə bilər. Xüsusilə, son zamanlar Abxaziya və Cənubi Osetiyada qondarma qurumların Moskvanın üzünə ağ olması Kremli qəzəbləndirib. 

Artıq Moskva bu iki bölgəni Gürcüstana qaytaracığı ilə bağlı mesajlar verməyə başlayıb. 

O ki qaldı Dnestrayanı bölgəyə, hesab edirəm ki, Rusiya hələ bu bölgədən imtina etmək niyyətində deyil. Burada əsas məsələ budur ki, Dnestrayanıda separatçılar əsasən ruslardan və rusdillərdən ibarətdir. Bu səbəbdən Rusiya bu bölgəyə fərqli yanaşır. Bu bölgəni öz nəzarəti altında saxlamağa üstünlük verir.

Bildiri ki, Moldova Qərb meyilli bir ölkədir və NATO ölkəsi olan Rumuniya ilə yaxın münasibətləri var. Buna görə də Rusiya Moldova ərazisində separatçı bölgənin qalmasında maraqlı görünür. 

Ancaq Rusiyanın Ukrayna ilə müharibə nəticəsində təsir imkanlarının azalması və geosiyasi mövqeyinin zəifləməsi, o cümlədən Suriyada öz mövqelərini itirməsi müəyyən mənada Dnestrayanı bölgəyə də təsir edə bilər. 

Əvvəl-axır öz ərazi bütövlüyünü bərpa etmək niyyətində olan Kişinyov belə bir vəziyyətdən istifadə edib Dnestrayanı bölgəni nəzarətə götürməyə cəhd edəcəyi istisna ola bilməz.

Amma bunun nə ilə nəticələnəcəyi barədə indidən fikir bildirmək mümkün deyil. Çünki Moldovan olduqca zəif bir dövlətdir və Rusiya ilə rəqabət apara bilməz. Üstəlik, Avropa ölkləri və ABŞ Moldovaya bu məsələdə yetərli dəstək verməyə tələsmir. 

Seçilən
20
cebheinfo.az

1Mənbələr