ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp deyib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözləyəcək. Tramp Putinin onunla tez bir zamanda görüşmək istədiyini bildirib.
ABŞ-nin yeni lideri Rusiya-Ukrayna münaqişəsini dəhşətli adlandırıb və həmçinin təkrarlayıb ki, Ağ Evin hazırkı rəhbəri Co Baydenin yerinə prezident o olsaydı, bu baş verməzdi.
Maraqlıdır, Rusiya-Ukrayna münaqişəsinin həlli üçün Moskvanın və Vaşinqtonun şərtləri nədən ibarət ola bilər? İki böyük güc arasında görüş və razılaşma fonunda Kiyevin hansısa şərti, marağı nəzərə alınacaqmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyahi şərhçi Oqtay Qasımov bildirib ki, bu müharibənin nə ilə sonlanacağını indindən söyləmək kifayət qədər çətindir.
Siyasi şərhçi buna səbəb olaraq müharibənin iki dövlət arasında getmədiyini, qlobal güclərinin savaşı olduğunu söyləyib: “Hər iki döyüşən tərəfin arxasında dünyanın ən güclü dövlətləri dayanıblar. O ki, qaldı Donald Trampla Vladimir Putinin görüşünə, əlbəttə ki, hər iki tərəf belə bir görüşün olmasında maraqlıdır. Putin özünün mətbuat konfransında, Tramp isə açıqlamalarında bu məsələyə toxunub. Bu günə qədər Tramp cəbhəsindən verilən açıqlamalar, o cümlədən bir çox Qərb dövlətlərinin rəsmiləri tərəfindən səsləndirilən fikirlər onu deməyə əsas verir ki, bu və ya digər şəkildə Ukrayna öz ərazilərinin bir hissəsini güzəştə getməli olacaq. Ən azı hüquqi baxımdan olmasa da, faktiki baxımdan bu ərazilər Rusiyanın əlindədir və hazırki şəraitdə həmin əraziləri ondan geri almaq imkansız kimi görünür. Təbii ki, tərəflərin məslələrə baxışında öz maraqları baxımdan maksimaslist tələblər var. Rusiya hesab edir ki, onun 2022-ci ildə keçirdiyi psevda referendumlar nəticəsində qəbul olunmuş qərarlara uyğun olaraq, Ukraynanın 4 vilayəti – Donetsk, Luqansk, Zaporojye, Xerson Rusiyaya verilməlidir. O cümlədən Kırım Muxtar Respublikası da. Əslində Krım yarımadası ayrı bir mövzudur. Rusiya heç bunu müzakirə belə etmək istəmir”.
O.Qasımovun qənaətincə, Moskvanın istəyi ondan ibarətdir ki, bu vilayətlərdə tutduğu ərazilərdən başqa, həmin vilayətlərin inzibati sərhədləri də Rusiyaya qatılsın: “Təbii ki, bu, qəbuledilməz tələbdir. Ukrayna və Qərb də bu tələbi qəbul etməyəcək. Ukraynanın istəyi Rusiya qoşununlarının rəsmi Kiyevin ərazilərindən tam çıxmasıdır. Rusiya da buna getməyəcək. Daha çox ehtimal olunan variant ondan ibarətdir ki, Tramp Putinə hazırda işğal etdiyi ərazilərdə qalmaq şərti ilə atəşkəs təklif edə və müəyyən qədər də bu atəşkəsin qarşılığında Rusiyaya sanksiyalar tətbiq etməklə prosesi hələlik yekunlaşdıra bilər. Çünki Trampın əsas hədəfi Rusiya deyil, Çindir. Ukraynaya təklif oluna bilər ki, Qərbin təhlükəsizlik təminatı verilməklə və Rusiyann işğalında olan torpaqlar məsələsini qaldırmadan onun geri qaytarılmasını qeyri-müəyyən bir müddətə saxlamaqla atəşkəsə getsin”.
Siyasi şərhçi vurğulayıb ki, Rusiya nəzarətinə buraxılacaq torpaqlar onun əraziləri kimi qəbul edilməyəcək: “Yəni hüquqi cəhətdən deyil, faktiki qəbul ediləcək. Eyni zamanda atəşkəs imzalandıqdan sonra tərəflər arasında ayrıcı qüvvələr yerləşdirilə bilər. Belə bir təklif də var. Rusiya buna gedəcəkmi, bax bu, mürəkkəb sualdır. Mənə elə gəlir ki, hər halda ABŞ belə bir təkliflə çıxış edə bilər və tərəflərdən bunu qəbul etməyənə ciddi təzyiqlər həyata keçirilə bilər. Yəni, Rusiya əgər bu təklifləri qəbul etməzsə, ehtimal olunur ki, ABŞ Ukraynaya dəstəyi ciddi şəkildə artıracaq, eyni zamnada tətbiq olunan sanksiyaları sərtləşdirəcək. İndiyə qədər olduğu kimi, yumşaq deyil, daha sərt və ciddi nəzarət edilən bir sanksiya tətbiq oluna bilər. Bu da Rusiya üçün kifayət qədər mənfi nəticələrə gətirəcək. Yaxud da Kiyev şərtləri qəbul etməyəcəyi halda ona yardımlar azala bilər ki, bu da Ukrayna dövlətçiliyinin mövcudluğu üçün ciddi proseslərə səbəb ola bilər. Bu baxımdan hələlik indidən dəqiq fikir söyləmək mümkün deyil. Sadəcə olaraq ehtimallar üzərinə danışmaq olar”.
Nailə QASIMOVA