AZ

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsi həbsdə qaldı - Qərar

Kənd Təsərrüfatı Nazirliyi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Arzu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hurriyyet.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə vəkili vəsatətlə çıxış edib.

Vəkil Arzu Əliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib.

Vəkil Şaiq Mirzəyev verdiyi vəsatəti belə əsaslandırıb: "Verilmiş ittiham özü saxtadır, qondarmadır. Bu araşdırma başlayanda Arzu Əliyev daim çağırışlara gəlib. Daimi yaşayış yeri var, ailə başçısıdır, cəmiyyətdə tanınmış şəxsdir. Ürək-damar sisteminin xəstəliyindən əziyyət çəkir, sağlamlığı yerində deyil".

Digər vəkil Elxan Azadəliyev çıxış edərək bildirib ki, Arzu Əliyev ibtidai istintaq dövründə heç bir zərərçəkən və yaxud şəhidlərə təsir göstərməyib: "Prosessual məcəllənin müvafiq bəndləri ilə onun hazırkı mərhələdə həbsdə qalmasına heç bir lüzum yoxdur. Onun həbsdə qalması qanunvericiliyin tələblərinə uyğun gəlmir. Hər hansı ağır cinayət törətməsi ehtimalı qalmaya-qalmaya Arzu Əliyevi həbsdə saxlayırlar".

Təqsirləndirilən şəxs Arzu Əliyev vəkilləri ilə razı olduğunu söyləyib.

Dövlət ittihamçısı hazırkı mərhələdə qətimkan tədbirinin dəyişdirilməsinə etiraz edib.

Müşavirə keçirən hakimlər Vəsatəti təmin etməyiblər.

Növbəti proses dekabrın 28-ə təyin olunub.

Qeyd edək ki, Bakı şəhərinin Ramana qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayrı-ayrı şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunması və müvafiq tikinti işlərinin aparılmasına dair Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılır.

İstintaqla 2019-2020-ci illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Abşeron Regional İdarəsinin rəisi vəzifəsində işləmiş Əliyev Arzu Təvəkkül oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin qurumun balansında olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qanunsuz olaraq çoxsaylı şəxslər tərəfindən zəbt olunmaqla tikinti işlərinin aparılmasına şərait yaradılması və himayədarlıq göstərilməsi müqabilində ona müraciət etmiş ayrı-ayrı şəxslərdən təkrarən külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı toplanmış sübutlar əsasında Arzu Əliyev Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teleqraf.com

Seçilən
5
9
hurriyyet.az

10Mənbələr