Türk Dövlətləri Təşkilatı (TDT) Ortaq Türk əlifbasından sonra yeni bir addım ataraq Türk Dünyasının ortaq mədəni dəyərlərini əks etdirən bir xəritə hazırlayır.
Türk Dövlətləri Təşkilatı (TDT) Xəritə Təşkilatları Rəhbərlərinin 1-ci Toplantısı Türkiyənin paytaxtı Ankarada keçirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritə Baş İdarəsinin rəisi general-mayor Osman Alp mövzu ilə bağlı açıqlamasında “Tematik məlumatlar xəritəyə əlavə edildikdə bir ölkədəki ənənənin və ya bir kənd adının başqa bir ölkədə də istifadə edildiyi, eyni yeməklərin bir neçə ölkədə hazırlandığı asanlıqla görünəcək” deyə bildirib. General-mayor Osman Alp əlavə edib: “Bu xəritəyə baxan bütün vətəndaşlarımız coğrafi olaraq uzaq olan türk dövlətlərinin əslində çox yaxın olduğunu görəcək. Ənənə və adətlərimizin orada da keçərli olduğunu, həyat tərzimizə dair məsələlərin onlarda da eyni şəkildə tətbiq edildiyini anlayacaqlar.”
TDT çərçivəsində keçirilən toplantıda əməkdaşlıq sənədi imzalanıb. Bu çərçivədə həm coğrafi, həm də mədəni xarakter daşıyacaq ortaq xəritənin hazırlanması üçün işçi qrup yaradılacaq.