1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, şikayət təmin olunub və təqsirləndirilən şəxsin cəzası 17 ildən 12 ilə endirilib.
Qeyd edək ki,
hadisə bu il yanvarın 13-də Səbail rayonu ərazisində baş verib.
Araşdırmalarla 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şosesi 15 ünvanında aralarında yaranmış mübahisə zamanı xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Yusif İsmayılov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
1995-ci il təvəllüdlü Fətəliyev Etibar Bəxtiyar oğlu bıçaqlanmış vəziyyətdə 3 saylı Təcili Tibbi Yardım stansiyasına gedib. O, təcili yardım avtomobili ilə xəstəxanaya aparılarkən qanaxmadan yolda dünyasını dəyişib.
Qətlə yetirilən Etibar Fətəliyev fitnes üzrə idmançı olub.
Hadisəyə səbəb kimi Etibarın içki məclisini yarımçıq qoyaraq nişanlısı ilə görüşə getmək istəməsi olub. Yusifin buna etiraz etməsi münaqişəyə gətirib və o, xalası oğluna bıçaqla zərbə endirib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Yusif İsmayılov 17 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.