AZ

Trendə müəllimdən TƏNQİD: "Şagirdlərin nəticələri ilə fəxr edin, verdikləri şokoladla deyil"

Son günlər, həm ümumtəhsil məktəblərində, həm də ali təhsil müəssisələrində şagird və tələbələrin müəllimlərinə şokolad vermələri ilə bağlı yeni bir trend yaranıb. Sosial şəbəkələrdə yayılan müxtəlif videolara reaksiyalar isə müxtəlifdir. Bəziləri bu cür videoların stressli iş mühitində xoş bir an olduğunu bildirir, digərləri isə müəllimlərin əllərini açaraq şirniyyat almalarının peşələrinə uyğun olmadığını qeyd edirlər.

 

Bu mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən "Örnək müəllim", tədqiqatçı-jurnalist, ssenarist və tarix müəllimi Mənsurə Tağıyeva şokolad vermə hərəkətini mənfi qiymətləndirir.

 

Onun sözlərinə görə, müəllimin əlini açdırıb ovcuna şokolad qoymaq böyük bir biyabırçılıqdır:

 

“Bu trend başladığı zaman məktəbdə şagirdlərimə dedim ki, bu çox çirkin bir işdir. Müəllim sizin üçün dilənçi deyil və o günə qalmayıb ki, kiminsə şokoladına ehtiyacı olsun. Müəllimlərə sevgini başqa cür göstərmək lazımdır. Müəllimin əlini açdırıb ovcuna şokolad qoymaq nə deməkdir? Bu biyabırçılıqdır. Amma onu da qeyd edim ki, bu, bəzən müəllimlərdən asılı olmur. Sosial şəbəkələrdə hər hansı bir trend yayılanda, yeniyetmələr bunu tətbiq etmək istəyirlər. Ötən günlərdə şagirdlərim mənə dedilər ki, "müəllim, əlinizi açın". Mən də onlara dedim ki, burada saxlayın, nə edirsiniz? Mən niyə əl açmalıyam? Yəni demək istəyirəm ki, bəzən müəllimlərin xəbəri olmadan şagirdlər onlara sürpriz etmək istəyirlər. Anlamıram ki, müəllimlər bu hərəkəti necə içdən qarşılayırlar. Mənim üçün bu, bir növ sillə kimidir. Müəllimlərə tövsiyə edərdim ki, sosial şəbəkələrdə gördükləri hər şey yaxşı olmaya bilər. Hər şeyi tətbiq etmək məcburiyyətində deyillər. İnqubator deyilsiz axı. Bu baxımdan, müəllimlər özlərini ucuzlaşdırmasınlar. Müəllim uşağın gözünə baxanda ordan enerjini və sevgini almalıdır. Ola bilər ki, müəllimin şagirdi olimpiyada yer tutmasın, yüksək nailiyyətlərə imza atmasın, amma müəllimin şərəfini alçaltmaq olmaz”.

 

Mənsurə Tağıyeva əlavə edib ki, müəllim adını hər zaman uca tutmaq lazımdır:

151946

“Cəmiyyətə səslənərək demək istərdim ki, müəllimi dəyərdən salmayın. Cəmiyyətdə hər bir sahənin inkişafı üçün müəllim lazımdır. Müəllim adı uca tutulmalıdır. Nə vaxt ki, cəmiyyət müəllimə dəyər verəcək, o zaman cəmiyyətimiz düzələcək. Məncə, müəllimlər şagirdlərlə, qəhrəmanlarımız və şəhidlərimizlə bağlı trend etməlidirlər. Şagirdləri ilə şəhidlərimizin ailələrinə baş çəkməli, məzarlarını ziyarət etməlidirlər. Həmçinin, müəllimlər, yüksək nəticələr əldə etmiş şagirdləri nümunə olaraq təqdim edə bilərlər. Cəmiyyətdə yaxşı və doğru trendlər yaratmalıdırlar. Bu gün insanı tərbiyə edən ədəbiyyatdır, lakin təəssüf ki, ədəbiyyatı çox az oxuyurlar. Şagirdlər özlərinə ideal seçməlidirlər. Bu vəziyyətdə müəllimin və ya şagirdin deyil, cəmiyyətin mənəvi dəyərləri azalır. Bir müəllim, yaxşı oxuyan şagirdiylə, şagirdinin yüksək nəticələri ilə fəxr etməlidir, nəinki verdiyi şokoladla. Hər bir müəllimin aldığı maaşla şokolad almaq mümkündür. Müəllim öz mənəvi keyfiyyətləri, əxlaqı və davranışı ilə şagirdlərin sevgisini qazanmalıdır. Kaş ki, dəyərlərimiz itməyə".

phrase_var_article.chosen
4
2
azedu.az

3phrase_var_article.sources