“PAŞA Sığorta” şirkətindən avtomobillərin icbari sığortası üzrə şikayətlər artmaqda davam edir.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin sentyabr ayında “PAŞA Sığorta”nın şikayət indeksi 0,35-ə barəbər olub. Bu ilin yanvarında 0,59-a qədər yüksəlib. 2024-cü ilin aprel ayı üzrə sığorta şirkəti ilk dəfə şikayətlərin həcminə görə 1.01 indeksi ilə sarı zolağa düşüb. Bu ilin iyun ayında isə şikayət indeksi 1.12-yə, sentyabr ayında isə 1.24 bəndə yüksəlib.
Ötən ay isə “PAŞA Sığorta” 1.34 indeksi ilə icbari avtosığorta ən çox şikayət edilən ikinci sığorta şirkəti olub.
Ümumilikdə, ilin əvvəli ilə müqayisədə “PAŞA Sığorta”nın şikayət indeksi 2 dəfədən çox artıb.
Qeyd edək ki, “PAŞA Sığorta”dan şikayətlərin artmasının bazar üzrə fəaliyyət göstərən şirkətlərin azalması arasında korelyasiya var. Belə ki, icbari avtosığorta sahəsində fəaliyyət göstərən şirkətlərin azalması fonunda “PAŞA Sığorta”nın bazar payı daha da artıb. Bu isə paralel olaraq şikayətlərin artmasına təsir edib.
Sığorta şirkətindən şikayətlərin artmasını sosial şəbəkələrdə də müşahidə etmək mümkündür. Şirkətin müştəriləri ödənişlərin peşəkar qiymətləndirmə aparılmadan azaldılması, ödənişdən imtina və s. hallara görə nazarılıqlarını ifadə edirlər.
Qeyd edək ki, məsələ ilə bağlı bundan əvvəl "PAŞA Sığorta"ya müraciət edilsə də, şirkət hər hansı reaksiya verməkdən imtina edib.
Xatırladaq ki, “PAŞA Sığorta” 2006-cı ildə yaradılıb, 50 milyon manat nizamnamə kapitalı var. Kapitalının 100%-i “PASHA Holding” MMC-yə məxsusdur.
Pünhan