AZ

Alimlər həyəcan təbili çalırlar: Rusiya sahillərində delfinlərin kütləvi ölümü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qara dənizə neft məhsullarının sızmasından sonra Rusiyanın Krasnodar vilayətində Azov delfinləri kütləvi şəkildə ölür.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Delfa" delfinləri xilasetmə elmi-ekoloji mərkəzinin "Telegram" kanalında xəbər verilib.
Məlumata görə, mazut sızıntısının baş verdiyi Anapadan bir neçə kilometr məsafədə, Novorossiyskdəki Aleksino çimərliyində Azov delfinlərinin kütləvi ölümü qeydə alınıb. Onların altısının cəsədi sahildə, ikisininki isə suda tapılıb.
"İki dəniz məməlisinin (ana-bala cütü olmayan) eyni yerdə və eyni vaxtda sahilə çıxması kütləvi ölüm hesab edilir. Krasnodar vilayətinin sahil ərazisində belə hallar çox nadirdir. Bugünkü vəziyyət son dərəcə narahatedicidir!" - deyə mərkəzdən qeyd edilib.
Ekoloqlar bildiriblər ki, 15-22 dekabr tarixlərində 10-dan çox Azov delfininin ölümü qeydə alınıb.
Qeyd edək ki, Qara dəniz mərsinləri (Azov delfini) Qara dənizin sahil sularında, isti mövsümdə Azov və Mərmərə dənizlərində yaşayır. Bu delfinlərə bəzən Egey dənizində, həmçinin Dunay və Don çaylarında rast gəlinir. Yarımnöv Rusiyanın "Qırmızı Kitab"ına nəsli kəsilmək təhlükəsi altında olan və sayı azalan növ kimi daxil edilib.
Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında təxminən 8 min ton neft məhsulu daşıyan "Volqaneft-212" və "Volqaneft-239" tankerləri batıb. Hadisə ilə bağlı cinayət işi açılıb, tanker kapitanlarına dəniz nəqliyyatının təhlükəsizlik qaydalarının pozulması ittihamı irəli sürülüb. "Volqaneft-212"nin kapitanı istintaq təcridxanasına göndərilib, "Volqaneft-239"un kapitanı isə ev dustağı edilib.
Məlumata görə, tankerlərdən yanacağın 40%-i axıb, ekspertlər bunu "ekoloji fəlakət" kimi qiymətləndirirlər.
Sızıntıdan sonra mazut dalğalarla Anapa çimərliklərinə atılıb. Bir neçə gün sonra Krımda - Kerç yarımadasında İlan burnu və Yeni Qala rayonunda da sızıntı baş verib. FHN məlumat verib ki, iki gün ərzində Kuban sahillərindən təxminən 80 ton neft məhsulu yığılıb. Krasnodar vilayətinin yaşayış məntəqələrində ekoloji təhlükə səbəbindən fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Seçilən
12
2
oxu.az

3Mənbələr