AZ

Vətənin Vüqarı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonunda hərbi hissənin açılışında çıxış edərək demişdir: “Bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər. Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq”.

Bəli, bu o ruh idi ki, istər həmin dövrdə xidmətdə olanlar, istər ehtiyatdan xidmətə çağırılanlar, istərsə də könüllü olaraq döyüşlərə gəlməyə can atan Vətən övladlarını Vətən müharibəsində iştirak etməyə sövq etdi.

Vüqar Əhməd oğlu Ağayev 1973-cü ilin 4 martında Qubadlının Xanlıq kəndində dünyaya göz açmışdır. Qubadlının havasını udmuş, suyunu içmiş, uşaqlığının ən gözəl xatirələrini Xanlıq kəndində yaşamışdır. Atası hərbçi olduğundan yaşayış yerini dəyişsələr də, Qubadlı onun üçün daha əziz və doğma olmuşdur. Haradan biləydi ki, gün gələcək, illərlə Qubadlının həsrətini çəkəcəkdi...

Birinci Qarabağ döyüşləri başlayanda Vüqar Ağayev müddətli həqiqi hərbi xidmətdə idi. Həmin illərdə ölkədə daxili çəkişmələr baş alıb gedir, xaos, böhran və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarırdı. Ordunu idarə etmək üçüm vahid komandanlıq yox idi. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edir, şəhər və kəndlərimiz işğala məruz qalır, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı. Əsgər Vüqar Ağayev Azərbaycanın Milli qəhrəmanı Əliyar Əliyevin komandiri olduğu taborda döyüşürdü. Döyüşlər məlum səbəblərdən məğlubiyyətlə nəticələnsə də, yeni formalaşmaqda olan milli orduda peşəkar zabit kadrlarının yetişməsi üçün zəmin yaratdı. Orduya bağlılığı və vətənpərvərliyi nəzərə alınaraq ali hərbi təhsil almağa göndərilənlərdən biri də Vüqar olur. Ali hərbi təhsilini müvəffəqiyyətlə başa vuran Vüqar Ağayev zabit kimi xidmətinə davam etmək üçün Naxçıvanda yerləşən hərbi hissələrdən birinə göndərilir.

Qubadlıdan Naxçıvana

Uşaqlıq illəri şən keçsə də, gəncliyi ölkənin ağır illərinə təsadüf etmiş, düşmənlə üz-üzə dayanaraq torpaqlarımızın azadlığı uğrunda döyüşmüşdü. Torpaq həsrəti, Qubadlı nisgili və məğlubiyyətlə barışmamazlıq hissi onu ömürlük hərb peşəsinə bağlamışdı. 1996-cı ildən Naxçıvanda leytenant kimi xidmətinə başlayan Vüqar Ağayev 20 il qüsursuz xidmət edərək mayor rütbəsinədək yüksəlmiş, xidməti dövründə bir sıra medallara- Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90, 95, 100 illik yubiley medalları, “Hərbi xidmətdə fərqlənməyə” görə 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci, 3-cü dərəcəli medallara layiq görülmüşdü. Gənc zabitlərin yetişməsinə, eləcə də əsgərlər arasında hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə töhfələr verən zabitimizin torpaq həsrəti, Qubadlı nisgili heç vaxt sönməmişdi. Naxçıvanın müxtəlif bölgələrində xidmət edən Vüqar Ağayev ömür-gün yoldaşını da buradan seçmişdir. 2016-cı ildə təqaüdə çıxdıqdan sonra Vüqar Ağayev övladlarının-Yeganə və Pərvinin təhsili ilə əlaqədar Naxçıvanda yaşamağa davam etmişdir. Qubadlı qədər Naxçıvan da onun üçün əziz idi. Burada xoşbəxtliyini tapmış, Naxçıvanın hər daşını, qayasını sevmiş, müdafiəsində iştirak etmişdir.

 

Naxçıvandan Qubadlıya

2020-ci il. Sentyabrın 27-də başlayan müharibə hər kəs kimi Vüqar Ağayevdə də böyük bir ümid yaradır. Xidməti dövründə milli ordunun inkişafına şahidlik edən peşəkar zabit yaxşı bilirdi ki, bu, artıq 90-cı ilin ordusu deyil. Böyük çətinliklə qurulmuş milli ordu istənilən gücün qabağında dayanmağa hazır və qadirdir. Bütün bu düşüncələr, səbirsizliklə gözlədiyi “İrəli” əmri onu döyüşlərə atılmağa daha da ruhlandırmışdı. Artıq heç bir qüvvə onu saxlaya bilməzdi. Nə ailə səadəti, nə təqaüdə çıxmağın sığortası. Çünki Qubadlı var idi... Qubadlı-üstündə ilk ayaq açıb yeridiyi torpaq. Bu elə bir hissdir ki, onu təsvir etməyə qələmin gücü yetməz. Heç ölümün də gücü yetməz. O hissin adı Vətəndir.

Çağırır Vətən

Çağırır Anam

Mənfur düşməndən

Qisas almağa.

Qisas vaxtı çatmışdı. “Qubadlını ovcumun içi kimi bilirəm, mən orda olmalıyam”,-deyən Vüqar Ağayev ailəsi ilə sağollaşıb yola düşür. 2020-ci ilin oktyabrında könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək, Vətən müharibəsinə qatılır.

Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi. Yüksəkliklərdə düşmən hərbi birləşmələri yerləşdirmiş, Xanlıq qəsəbəsində güclü istehkam qurmuşdu. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər düşməndən təmizlənməli idi. Cəsur döyüşçülərimiz sayəsində şəhərə hakim olan yüksəkliklər nəzarətə götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən, Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri düşməndən azad olundu.

Qubadlı istiqamətində gedən döyüşlərə qatılan Vüqar deyilənə görə doğma kəndi Xanlıq azad ediləndə ata-baba ocağına-evinə gedir. Gözündəki, könlündəki illərin həsrətini bitirmək üçün...

Noyabrın 1-i Qubadlı rayonunun Çardaqlı kəndində Vüqar Ağayev şəhadətə qovuşur. Qubadlının işğaldan azad edilməsini dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tarixi hadisə adlandırıb, qələbəmizi yaxınlaşdıran amillərdən biri kimi dəyərləndirib. Bu qələbənin qazanılmasında mayor Vüqar Ağayevin də əməyi var. Doğma el-obasının azadlığa qovuşduğunu görməyi və bu fəaliyyətdə əməyinin olmasını qəhrəmana birbaşa Vətən, torpaq sevgisi, peşəsinə sadiqlik-zabit şərəfi və intiqam hissi nəsib edir. Uğruna həyatından keçdiyi ana torpağına qovuşur və ən ali məqama-şəhadətə yüksəlir. 30 illik həsrətin Zəfər sevincini xalqına yaşadan qəhrəmanlardan biri olmaq səadəti ilə bitirir. I Qarabağ döyüşlərində əsgər kimi yarımçıq qoyduğu işi II Qarabağ döyüşündə zabit kimi şərəflə sonlandırır.

 

“Torpağına baş əyərəm, ey Vətən!”

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlığa görə, həmçinin, hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Vüqar Ağayev “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidimiz II Fəxri Xiyabanda dəfn olunub. Bakı şəhərində yerləşən Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbinə Vüqar Ağayevin adı verilib, büstü qoyulub.

Ölümü ilə ölümsüzləşən, həyatı qəhrəmanlıq dastanına çevrilən, gənc nəslə örnək olan şəhid mayor Vüqar Ağayevin ailəsi dövlətimiz tərəfindən qayğı ilə əhatə olunub. 2021-ci il iyunun 26-da - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günündə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olunub. Babək şəhərindəki yeni yaşayış binasındakı mənzillərdən biri Vətən müharibəsi Qəhrəmanı Vüqar Ağayevin ailəsinə təqdim edilib. Şəhidin həyat yoldaşı Səbahət Ağayeva onun barəsində qürurla danışır.

Evin divarlarından qəhrəmanın şəkilləri asılıb. Gözüm Səbahət xanımla Vüqarın bir xoşbəxt tablosuna sataşır. Həmin an düşünürəm: “Bu xoşbəxtlik tablosuna üstün gələn Vətən sevgisi! Ey Vətən, sən necə də böyük və müqəddəssən, vazkeçilməzsən! Düşmən tapdağında qalmayasan deyə neçə-neçə igidlər canını fəda etdi”.

Səbahət xanımla sağollaşıb ayrılıram. O xoşbəxtlik tablosu gözümün önündən getmir. Və bu an sanki xəyallarımın dərinliklərindən qulağıma Rəşid Behbudovun mahnısının sədaları gəlir:

Nəğmə dolu bir ürəyəm
Torpağına baş əyərəm, ey Vətən.

Meşələrin çətirlidir, gül-çiçəyin ətirlidir!
Ey vətən, ey vətən!
Dağlarına düşən şehdən
Çöllərinə əsən mehdən
Doya bilmirəm, doya bilmirəm
Ey vətən...
Bir anamdan, bir də səndən
Bu dünyada, bu dünyada
Doya bilmirəm, doya bilmirəm
Ey Vətən...

Ruhiyyə RƏSULOVA

Naxçıvan televiziyasının baş redaktoru

 



Seçilən
14
herbiand.az

1Mənbələr