AZ

Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

Image

İbrahim Rüstəmli: “Bu gün Ermənistanın orduya yararsızları əsgəri xidmətə cəlb etməsi, sıraya düzməsi orda yaşanan çox ciddi insan resursları ilə bağlı problemlərdəndir”

44 günlük Vətən müharibəsindən sonra Ermənistan ordusunun vəziyyətinin olduqca kritik olduğu deyilir. Bir tərəfdən də çağırışçıların müxtəlif bəhanələrlə əsgəri xidmətdən boyun qaçırması, fərarilik kimi hallar Ermənistan ordusuna xasdır.  

Bu gün Ermənistanda həqiqi hərbi xidmətlə bağlı yeni qaydalar təsdiqlənib. Belə ki, yeni qaydalara görə, erməni ordusuna "neqodnıları" rəsmən çağıracaqlar. Açıq görsənir ki, bu ölkənin mobilizasiya resursları tükənib. 

Erməni mediasının yazdığına görə, Ermənistan  hökumətinin dekabrın 19-da keçirilən iclasında müəyyən xəstəlikləri olan çağırışçıların hərbi xidmətə qismən yararlı kimi tanınmasına dair qərar təsdiq edilib. Dəyişikliklər ruhi, endokrin və ya tənəffüs yolları xəstəliklərinin orta ağır forması olan çağırışçılara aiddir. Əvvəllər belə hallarda bir illik möhlət verilirdi, lazım gələrsə, uzadılırdı. İndi sağlamlıq imkanları məhdud olan çağırışçılar yüksək fiziki hazırlıq tələb olunmayan hissələrə xidmətə göndəriləcək.

“Bu gün Ermənistan ordusu əsgərliyə yararsızların ümidinə qalıb”

Hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan bu problemi təkcə indi yaşamır,  keçən əsrin 90-cı illərindən üzü bu yana Ermənistanda bu, ciddi bir problem olaraq daim aktual fazada dayanıb. “Bütün məsuliyyətimlə deyə bilərəm ki, 44 günlük Vətən savaşına qədərki dövr ərzində də Ermənistan ordusunda hərbi mükəlləfiyyətlilərin hərbi xidmətə çağırılması ilə bağlı o qədər ciddi problemlər yaşanıb ki, bu, dövlət səviyyəsində “narıncı təhlükə” elan olunub. Yəni elə çağırış dövrləri olub ki, Ermənistanda bir nəfər də olsun erməni gənci hərbi xidmətə yollanılması məqsədilə  hərbi komissarlığa müraciət etməyib. Bütün hüquq-mühafizə orqanları, dövlət təhlükəsizliyi qurumları, Baş prokurorluq, polis, Müdafiə Nazirliyi bu məsələyə səfərbər olunub. Yəni bu zaman-zaman Ermənistanda yaşanan və çox ciddi problemlərlə izlənilən bir məsələdir. Bu məsələdə Ermənistan hələ də heç bir irəliləyişə nail olmayıb. Xüsusilə də 44 günlük Vətən savaşından sonra erməni gənclərinin böyük əksəriyyəti çörək dalınca başqa ölkələrə üz tutublar. Vətən savaşında uğradıqları ağır məğlubiyyət, yaşadıqları şok və sair kimi halların fonunda da belə bir problemin qlobal şəkil alacağı gözlənilən idi və baş verdi də. Yəni bu gün Ermənistanın orduya yararsızları əsgəri xidmətə cəlb etməsi, sıraya düzməsi orda yaşanan çox ciddi insan resursları ilə bağlı problemlərdəndir. Bu problem getdikcə daha kəskin xarakter alacaq. Görün, orada çağrışdan yayınanların, ölkəni tərk edən gənclərin sayı nə qədər çoxdur ki, əsgərliyə yararsızların əsgərliyə çağırılması rəsmən təsdiqlənib.  Bu gün Ermənistan ordusu əsgərliyə yararsızların ümidinə qalıb.  

Konkret demək istəyirəm ki, keçən əsrin 90-cı illərində ermənilər bizim torpaqlarımızı öz havadarlarının dəstəyi ilə işğal etmişdilər. Sonradan bir eyforiyaya da uydular və bunun nəticəsində özlərini sabun köpüyü kimi  o qədər şişirtdilər ki, 44 günlük Vətən savaşında biz ildırım sürətilə onların havasını aldıqdan bəri şok yaşayırlar. Yəni Ermənistan heç vaxt öz ordusunu yaratmaq və onu nizami bir quruma çevirmək iqtidarında olmayıb. Onun insan resursları son dərəcə məhduddur”. 

İ.Rüstəmli qeyd etdi ki, insan resurslarını məhdudlaşdıran əsas amillərdən biri də Ermənistanda yaşanan ictimai-siyasi, sosial vəziyyətdir. O bildirdi ki, xüsusilə insanların bir tikə çörək dalınca müxtəlif ölkələrə getməsi Ermənistanda əhalinin sayına da ciddi təsir göstərir: “Yəni zamanında Suriya, Livan, İran, Rusiya, Fransa və digər ölkələrdən gələn muzdluların və erməni lobbisinin dəstəyi ilə göndərilən o quldur dəstələrinin köməyi ilə onlar bizim torpaqlarımızı işğal etdilər. Bəzi məsələləri də qeyd etməliyik. Məsələn, o dövrdə Azərbaycanın daxilində çox ciddi siyasi xaos yaradıldı və bunun nəticəsində eyni problem Azərbaycan ordusunda da yaşandı. 1993-cü ilin ikinci yarısından isə Ulu Öndər hakimiyyətə gələndən sonra ordu quruculuğu ilə bağlı konkret addımlar atıldı, maddi-texniki baza formalaşdırıldı, azərbaycanlı kadrların Vətənə qayıtması və orduda xidmət etməsi üçün şərait yaradıldı və sair. Ancaq Ermənistanda bu proses getmədi. Çünki ermənilərin belə bir lideri yox idi. Burada digər faktı da xüsusi vurğulamaq istəyirəm. Erməni gənclər bu gün niyə orduda xidmət etmək istəmir, xəstəliklər bəhanəsilə xidmətdən yayınırlar? Çünki onlar və valideynləri istəmirlər ki, hökumət onları daha dərin facilərə sürükləsin. 

O vaxt Ermənistanda fəaliyyət göstərən mülki insan hüquqları təşkilatları vardı, o indi də var. O zaman mülki əhali bar-bar bağırırdı ki, bizim üçün Qarabağ problemi yoxdur, Qarabağ bizim deyil, Azərbaycan torpaqlarıdır, biz öz övladlarımızın Qarabağ torpaqlarında döyüşməyə göndərilməsinə, orda ölməsinə razı deyilik. 44 günlük Vətən savaşından sonra isə bu proses çox ciddi bir şəkildə daha real və praktik şəkildə özünü göstərməyə başladı”. 

İ.Rüstəmli hesab edir ki, gələcəkdə Ermənistanda bu problem daha da dərinləşəcək. 

İradə SARIYEVA





Seçilən
17
baki-xeber.com

1Mənbələr