Bu gün "Ədibin Evi" tərəfindən “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə təşkil edilən “Müəllimliyin insanlıq fəlsəfəsi” adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Ədibin Evi”ndə baş tutan tədbirdə "Ədibin Evi" Ədəbiyyata Dəstək Fondunun İcraçı direktoru Şəfəq Mehrəliyeva açılış nitqi ilə çıxış edib. Şəfəq Mehrəliyeva bildirib ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, müəllim, filologiya elmləri doktoru Mir Cəlal Paşayevin pedaqoji irsinə həsr olunmuş müsabiqənin əsas məqsədi müəllimlik üçün zəruri olan keyfiyyətlər – pedaqoji etika, empatiya və şəfqət duyğularının əhəmiyyətinin təbliği, müxtəliflik və inklüzivliyin, eləcə də peşəkar pedaqoji icma arasında tənqidi və yaradıcı düşüncə tərzinin təşviqi olub.
Daha sonra Mir Cəlal Paşayevin “insanlıq fəlsəfəsi” ideyası barədə danışan “Ədibin Evi”nin həmtəsisçisi, Bakı Dövlət Universitetinin müəllimi, professor Təhsin Mütəllimov Mir Cəlal Paşayevin elmi-pedaqoji məktəbinin fərqi barədə söz açıb.
Xalq şairi Nəriman Həsənzadə də çıxış edərək müəllimi Mir Cəlal Paşayev haqda xatirələrini bölüşüb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Münsiflər heyətinin rəyini ifadə edən Təhsil İnstitutunun böyük elmi məsləhətçisi, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Asif Hacıyev müsabiqəyə təqdim olunan esselərin Azərbaycanın geniş coğrafiyasını təmsil etdiyini qeyd edib. Əlavə edib ki, yazılarda həssas janr xətti ilə yanaşı, şagird-müəllim münasibətləri, müasir tədrisdə aktual məsələlər, həmçinin təhsildə beynəlxalq yanaşmaların təhlili də yer alıb.
Bildirilib ki, müsabiqəyə təqdim olunan 300-ə yaxın esse tanınmış təhsil mütəxəssislərindən ibarət münsif heyəti tərəfindən qiymətləndirilib.
Çıxışlardan sonra qaliblər mükafatlandırılıb.
Mükafatları ADA Universitetinin rektoru, "Ədibin Evi" Himayəçilik Şurasının üzvü Hafiz Paşayev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Sarvan İbrahimov təqdim ediblər.
Mükafatlandırmadan sonra tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev təbrik nitqi ilə çıxış edib. Nazir müəllim peşəsinin aliliyi haqda danışaraq əlavə edib ki, bu peşənin fəlsəfəsində insan yetişdirmək və insani dəyərlərin aşılanması dayanır.
Çıxışının sonunda nazir bütün qalibləri təbrik edib.
Tədbir “Ədibin Evi”nin Himayəçilik Şurasının üzvü Hafiz Paşayevin yekun nitqi ilə başa çatıb. Hafiz Paşayev də öz növbəsində müsabiqənin məqsəd və məramı haqda danışaraq iştirak edən müəllimləri və qalibləri təbrik edib, onlara uğurlar arzu edib.
Sonda xatirə fotosu çəkdirilib.