Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 13 iyul 2023-cü ildə baş verib. İslam həmin gün saat 17:20-də satıcı olaraq işlədiyi mağazanın qarşısında mağazada köhnə göyərti satması ilə bağlı ona iradını bildirən Bəhruzun haqlı iradını qəbul etməyib, nalayiq sözlərlə onun mağazanı tərk etməsini bildirib.
İslam əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib. Mağazada olan müştərilərin gözü qarşısında küçədə və mağazanın içərisində Bəhruzun sifətindən və bədəninin müxtəlif yerlərindən yumruq, təpiklə vurub.
Hadisəni törədən İslamın barəsində Cinayət Məcəlləsinin 127.2.3 (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (zuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İslam ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, ailəsi ilə birlikdə yaşadıqları evin yaxınlığında mağazada atası Vaqif satıcı olaraq işləyir: “Mən arabir atam Vaqifin işi olduğu halda onu mağazada əvəz edirəm. 13 iyul 2023-cü ildə, saat təxminən 17:20-də yaşadığım evin yaxınlığında yerləşən mağazada satıcı kimi atamı əvəz edərkən əvvəllər yaşadığım məhəllədən tanıdığım Bəhruz mağazaya alış-veriş üçün gəlib. Bəhruz məndən keşniş göyərtisini almaq istədiyini bildirdikdə mağazanın çölündə olan piştaxta olduğunu göstərdim. Ona bir dəstə keşniş göyərtisini verib mağazaya daxil oldum. Bəhruz təzədən mağazaya daxil olaraq göyərtinin köhnə olmasını bildirdi, göyərtini bəyənmədiyini bildirdi. Bəhruza xoşu gəlmədiyi halda göyərtini qoyub getməsini dedim. Həmin vaxtı Bəhruz yüksək tonla mənə işini düz görməyini iradla bildirdikdə aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı mən dəfələrlə Bəhruza oradan getməsini bildirdim. Lakin Bəhruz məni söyüşlə təhqir etdi. Dözməyərək Bəhruz məni söyüşlə təhqir etdiyindən əsəbləşdim. Bəhruzun sifət nahiyəsindən bir neçə dəfə yumruqla zərbə endirdim, oradan getməsini bildirdim. Həmin vaxtı mağazaya gələn tanımadığı şəxs araya girərək bizi aralaşdırdı. Mağazanın içərisinə geri qayıtdım. Bəhruz isə çıxaraq getdi. Bəhruzla aramızda olan hadisədən təxminən 3 dəqiqə sonra yenidən mağazaya gəldim, ona yüksək səslə görüşəcəyimizlə bağlı hədələdi. Bu zaman aramızda yenidən mübahisə və münaqişə yarandı. Bəhruza mağazadan çıxaraq getməsini bildirsəm də, Bəhruz mağazadan çıxmayaraq mənimlə mübahisə yaratdığından onunla yenidən əlbəyaxa olduq. Həmin vaxt Bəhruz məni vurmaq istədi. Mən onu yumruq və təpiklə vuraraq yerə yıxdım. Bəhruzun ailəm ilə əvvəllər normal münasibətlərimiz olub”.
Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İslam 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməmək, gecə saat 00:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
1phrase_var_article.sources