AZ

Azərbaycanda vakansiya bankının rəqəmləri açıqlanıb

Bakıda Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfrans keçirilib.

Fins.az xəbər verir ki, tədbir iştirakçıları arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, Milli Məclisin deputatları və iki ölkənin iş adamları yer alıb.

Hasil Abbasov çıxışında Azərbaycanın vakansiya bankının ölkədə formalaşdırdığı geniş platforma olduğunu vurğulayıb. Son 11 ayda 22 min işəgötürən 600 min vakansiya ilə bankda yer alıb. Həmçinin, 2024-cü il ərzində ölkə üzrə 144 əmək yarmarkasının təşkil edildiyi və bunlardan altısının işğaldan azad olunmuş ərazilərdə keçirildiyi bildirilib.

Nərmin Mirzəyeva əmək qanunvericiliyinə edilən dəyişikliklərdən danışıb. Avqust ayında qüvvəyə minmiş qanuna əsasən, işçi və işəgötürənlər arasında əmək müqavilələrinin tam elektron formada bağlanması təmin olunub. O, qadınların əməyinin qadağan edildiyi iş yerləri siyahısının xeyli azaldığını vurğulayıb. Əvvəl bu siyahı 700-ə yaxın sahəni əhatə edirdisə, hazırda analığın mühafizəsi məqsədilə bu rəqəm 200-ə enib. Bu dəyişikliklərin nəticəsində Dünya Bankının reytinqində Azərbaycanın göstəricisi 7% artaraq 85-ə çatıb.

N.Mirzəyeva əlavə edib ki, gender bərabərliyinin təmin olunması üçün digər qanunvericilik layihələri də müzakirədədir. Bunlara seksual qısnamanın qarşısının alınması və bərabər əməyə görə qadın və kişilərin eyni əmək haqqı alması ilə bağlı qanunvericilik layihələri daxildir.

Konfransdan sonra ATİB İdarə Heyətinin illik ümumi yığıncağı keçirilib. ATİB, üzvlərinin iqtisadi və sosial sahələrdəki islahatlar və qanunvericilik dəyişiklikləri haqqında məlumatlılığını artırmaq və ölkənin inkişaf prioritetlərinə uyğun fəaliyyət göstərmələri üçün dəstək verməyi hədəfləyir.

Seçilən
10
fins.az

1Mənbələr