AZ

Sahibə Qafarova İtaliya səfiri ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 23-də İtaliya Respublikasının Azərbaycandakı səfiri Luka Di Cianfrançesko ilə görüşüb.

Bu barədə Publika.az-a Milli Məclisdən bildirilib.

Görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bildirilib ki, enerji və iqtisadi sahədə mövcud olan əməkdaşlıq əlaqələri digər sahələrdə də münasibətləri daha da genişləndirməyə imkan verir.

Söhbət zamanı, parlamentlər arasında əlaqələrin daha da inkişafının vacibliyi qeyd olunub. Vurğulanıb ki, parlamentlərarası əlaqələr oxşar dəyərlərə malik olan xalqlarımızın bir-birini daha yaxından tanımasına, bu əlaqələrin daha da gücləndirilməsinə xidmət edir. Qarşılıqlı təmasların gücləndirilməsində dostluq qruplarının mühüm rola malik olduğu qeyd edilib. Tərəflər qanunverici orqanların beynəlxalq platformalarda da əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. İki ölkə arasında strateji əlaqələrə uyğun olaraq, parlamentlər arasında əlaqələndirmə və qarşılıqlı dəstəyin daha da gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

S.Qafarova özünün İtaliyaya rəsmi səfərini məmnunluqla xatırlayaraq, qarşılıqlı səfərlərin əlaqələrin daha da genişləndirilməsinə müsbət töhfə verdiyini bildirib. O, İtaliya parlamentinin üzvlərinin bu il ölkəmizdə keçirilən prezident və parlament seçkilərini müşahidə etdiyini, həmçinin COP29 çərçivəsində keçirilən Parlament görüşündə iştirak etdiklərini xatırladıb.

Söhbət zamanı Milli Məclisin sədri deyib ki, Azərbaycan 30 illik işğala, bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, suveren, müstəqil, demokratik, inkişaf edən ölkədir. Buna baxmayaraq, spiker Sahibə Qafarova bəzi Qərb ölkələrinin Azərbaycana qarşı yalan, böhtan kampaniyası apardığını, xüsusilə, COP29 ərəfəsində bu cür kampaniyaların daha da genişləndiyini bildirib. O cümlədən, bəzi milli parlamentlərdə və beynəlxalq parlament təşkilatlarında ölkəmizlə bağlı qərəzli qərarların qəbul edilməsinin yolverilməz olduğu, bu addımın həmin təşkilatların özlərinin nüfuzuna xələl gətirdiyi vurğulanıb. S.Qafarovanın sözlərinə görə, sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, suverenlik məsələlərinə münasibətdə ikili standartlar qəbulolunmazdır.

phrase_var_article.chosen
3
11
publika.az

10phrase_var_article.sources