Ankara, 23 dekabr, AZƏRTAC
Qərbi Azərbaycandan yerli əhalinin deportasiyası Türk dünyası tarixinin ən qaranlıq səhifələrindən biridir.
AZƏRTAC xəbər verir ki, bu barədə İqdırdakı “Azərbaycan Evi”nin rəhbəri, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının nümayəndəsi Sərdar Ünsal azərbaycanlıların müasir Ermənistan ərazisindən növbəti köçürülmə dalğasının başlanmasının 77-ci ildönümündə bildirib.
O qeyd edib ki, İrəvanın və Qərbi Azərbaycanın digər ərazilərinin əhalisi bir neçə mərhələdə: 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə öz doğma torpaqlarından qovulub.
“1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlıların Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etdi. Qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlılar Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməlidir. Müəyyən edilməmiş “digər azərbaycanlı əhali” kateqoriyası altında İrəvan şəhərində və ona yaxın yaşayış məntəqələrində yaşayan azərbaycanlılar nəzərdə tutulurdu”, - deyə S.Ünsal qeyd edib. O, həmçinin deyib ki, müasir Ermənistan ərazisindən deportasiya edilən yüz minlərlə azərbaycanlının faciəsi cinayətlər və soyqırımı ilə müşayiət olunub.
“Öz evlərindən uzağa düşən insanlar yaşamaq uğrunda mübarizə aparmağa məhkum idilər. Deportasiya dövründə çoxlu azərbaycanlı həlak olub. Qərbi Azərbaycan sakinlərinin faciəsi türk millətinin yaddaşında silinməz iz buraxıb”, - deyə S.Ünsal vurğulayıb.
O, tarixi ədalətin zəfər çalacağına və bu gün yerli əhalinin Qarabağa və Qərbi Zəngəzura qayıtması kimi, azərbaycanlıların da Qərbi Azərbaycanda öz ata-baba yurdlarına qayıdacaqlarına əminliyini ifadə edib.
“Qərbi Azərbaycandan deportasiya kimi faciələrin xatirəsi türk millətini daha sıx birləşdirir və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün səyləri birləşdirir. Qərbi Azərbaycanı unutmamaq, gənc nəslə tarixi həqiqətləri çatdırmaq çox vacibdir”, - deyə S.Ünsal fikrini yekunlaşdırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara