AZ

Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

Image

Azərbaycan və Rusiya arasında Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında mühüm saziş imzalanıb. Sazişi Moskvada Rusiya Hökuməti sədrinin müavini Vitali Savelyevin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiyanın nəqliyyat naziri Roman Starovoit imzalayıb.

Rusiya Nəqliyyat Nazirliyinin məlumatında  deyilir ki, nəqliyyat naziri Roman Starovoit ilə  həmkarı Rəşad Nəbiyev arasında görüşün gündəliyinin əsas mövzusu Şimal-Cənub dəhlizinin qərb marşrutunun inkişafı çərçivəsində qarşılıqlı fəaliyyət olub: “Yeni saziş Şimal-Cənub dəhlizinin inkişafı üçün tarixi əsasdır. İnfrastruktur layihələrimiz faktiki olaraq ən azı 15 milyon ton daşıya biləcəyimizi təmin etməyə yönəlib və yükgöndərənlər bu dəhlizdə maraqlıdırlar. Ümumiyyətlə, Bəndərabbas limanına gedən dəmir yolu bütün dəhlizin intensiv inkişafı üçün iqtisadi şərait yaradacaq”. Məlumatda deyilir ki, saziş Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrə dəmir yolu yükdaşımaları və infrastrukturun inkişafının əlaqələndirilməsi mexanizmini yaradacaq. Malların dövlət sərhədindən keçirilməsi prosedurlarını asanlaşdıran şərtlər yaranacaq. Dəmir yolu ilə yükdaşımaların həcminin artırılması nəzərdə tutulur: “Daşımaların həcminin artım templəri ilə dəmir yolu nəqliyyatı infrastrukturunun inkişafı arasında tarazlıq da təmin ediləcək. 2023-cü ilin sonunda, eləcə də 2024-cü ilin 11 ayında dəmir yolu ilə yükdaşımalarda artım müşahidə olunur. Rusiya aviaşirkətləri tərəfindən sərnişin və yüklərin daşınması da xeyli artıb. Avtomobil nəqliyyatı ilə yükdaşımalarda da artım müşahidə olunur”. Rusiya Nəqliyyat Nazirliyi həmçinin bildirir ki, ötən il Yaraq-Kazmalyar avtomobil keçid məntəqəsinin yenidən qurulması başa çatdırılıb: “Taqirkent-Kazmalyar və Novo-Filya keçid məntəqələrinin modernləşdirilməsindən sonra Rusiya tərəfində ümumi keçid qabiliyyəti 500 nəqliyyat vasitəsi - sutkada 3 minə qədər artacaq. Dekabrın 25-dən Tagirkent-Kazmalyarda yük avtomobilləri üçün elektron növbə fəaliyyətə başlayacaq. Həmçinin, Dərbənd dəmir yolu keçid məntəqəsi 2027-ci ilə qədər modernləşdiriləcək. Bu il “Yaraq-Kazmalyar” və “Samur” buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün istismarı və saxlanılmasına dair hökumətlərarası saziş imzalanıb. “Qafqaz” avtomobil yolunun 4 zolağa genişləndirilərək əsaslı təmiri başa çatdırılıb. Xasavyurt, Dərbənd və Mahaçqalada dolama yollarının tikintisi üzrə işlər aparılır”. Bütün bunlar Azərbaycan üzərindən yükdaşımaların həcminin bundan sonra da əhəmiyyətli dərəcədə artacağını göstərir.

Avropa ilə Asiyanı birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi  vasitəsilə Rusiya öz məhsullarının ixracı üçün yeni imkan əldə edir. Finlandiyadan başlayaraq Hindistanda yekunlaşan dəhliz Rusiya və Azərbaycan ərazilərindən keçərək İrana, buradan da Hindistana uzanacaq. Dəhliz üçün Azərbaycan öz  ərazisində müvafiq infrasrtuktur yaradıb. Belə ki, son 20 ildə Azərbaycanda 15 min kilometr avtomobil, 1400 kilometr dəmir yolu tikilib və əsaslı təmir olunub, yeni hava limanları, beynəlxalq dəniz limanı istifadəyə verilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Rəşt-Astara yolunun da inşası davam edir. Bu, Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) dəmir yolunun davamıdır. Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək bu dəhlizin formalaşması nəticəsində İran, Azərbaycan və Rusiyanın tranzit yükdaşıma imkanları artacaq. Cənub Şərqi Asiya ölkələrindən daşınan yüklər Hindistanın Mumbai limanına, buradan isə İranın Çabahar və Bəndər-Abbas limanlarına daxil olacaq. Bu limanlardan isə yüklər qatarla Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan ərazisindən keçərək Rusiya və Avropaya daşınacaq. 162 kilometrlik Rəşt-Astara yolu Rusiya ilə Hindistan arasında yükdaşımaları asanlaşdıracaq. Rusiyanın bu yolun tikintisinə 1,6 milyard avro həcmində sərmayə yatırması təsadüfi xarakter daşımır. Azərbaycan isə Şimal-Cənub dəhlizinin formalaşmasında tranzit ölkə kimi əsas rol oynayır. Bu dəhlizin Azərbaycan üzərindən keçməsini nəzərə alan dövlət yuxarıda qeyd edildiyi kimi böyük infrastruktur layihələri həyata keçirib. Bakı Beynəlxalq Ticarət limanının yükaşırma qabiliyyətinin artırılması ilə yanaşı, Ələt-Astara avtomobil yolu yenidən quruldu. İran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsü tikilərək istifadəyə verildi, Astaraçay üzərində yeni avtomobil körpüsünü tikintisi uğurla reallaşıb. Bütün bunlarla yanaşı “Azərbaycan Dövlət Dəmir Yolları” QSC İranın Astara şəhərində yük terminalının tikintisini həyata keçirib. Onu da qeyd edək ki, Cənub-Şərqi Asiya ölkələrindən Avropaya yük daşıyan gəmilər Süveyş kanalından keçməklə 16 min kilometr yol qət edirlərsə, Şimal-Cənub dəhlizi ilə cəmi 7200 kilometr yol gedəcəklər. Yüklər 60 gün ərzində deyil, 30 gün ərzində mənzilbaşına çatdırılacaq. Bununla yanaşı, nəqliyyat xərcləri də 40 faiz azalacaq.

Azərbaycan Şimal-Cənub dəhlizi layihəsinə qoşulmaqla, ilk növbədə, özünün həm Rusiya, həm də İranla quru sərhədinin əlverişli coğrafi xarakteristikasından səmərəli şəkildə faydalanaraq üçtərəfli regional əməkdaşlığı inkişaf etdirir və mövcud şəraitdən bəhrələnərək, yeni dividendlər qazanır. Bundan başqa, Azərbaycan gələcəkdə bu istiqamətdə qonşu Gürcüstanın ərazisini və kommunikasiyalarını da işə salmaqla Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inteqrasiyasını sürətləndirməyi nəzərdə tutur. Rusiyanın “Roskonqres” fondunun analitiklərinin hesablamalarına əsasən, 2022-ci və 2023-cü illər ərzində dəhlizlə yükdaşımalar 18 faiz artaraq 19 milyon tondan 22,6 milyon tona çatıb. Yükdaşımaların həcminin 2030-cu ildə 30, 2035-ci ildə isə 35 milyona çatacağı gözlənilir. Bu da Şimal-Cənub dəhlizinin qarşıdakı dğvr ərzində Azərbaycana böyük mənfəətlər qazandırmaqda davam edəcəyini göstərir.

Ramil QULİYEV





phrase_var_article.chosen
10
baki-xeber.com

1phrase_var_article.sources