AZ

Müdrik Lider, qalib Sərkərdə

Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu, öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycanın bugünkü reallıqlarıdır. İyirmi bir il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursuna və dahi şəxsiyyətin layiqli davamçısı İlham Əliyevə ilk dəfə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqləməkdədir. Yeni əsrin yeni Lideri İlham Əliyev bu illər ərzində Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.

Ötən 21 il göstərdi ki, Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. Ulu Öndərin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 20 ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda, dövlətimizin başçısının təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları tikilib.

Prezident İlham Əliyev bu və digər təşəbbüsləri ilə regionda mühüm əməkdaşlıq platforması yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir. Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz “Azerspace-1”, 2014-cü ildə Yer səthini müşahidə edən “Azersky” peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki - “Azerspace-2” orbitə çıxarılıb. Beləliklə, dövlətimizin başçısı Azərbaycanda güclü əsaslara malik iqtisadi sistemin qurulmasını təmin edib ki, bu da qüdrətli dövlət quruculuğu istiqamətində ən mühüm komponentlərdən biridir. Təbii ki, məhz Prezident İlham Əliyevin uzaqgörən və praqmatik iqtisadi siyasəti sayəsində Azərbaycanın malik olduğu imkanlar Vətən müharibəsində qələbənin qazanılmasında da əsas amillərdən oldu.

Prezident İlham Əliyevin bütün səfərlərində, keçirdiyi görüşlərində, mötəbər tribunalarda etdiyi çıxışlarda Ermənistanın və havadarlarının uydurduqları qondarma “Qarabağ münaqişəsi” əsas mövzu oldu. Bununla yanaşı, dövlətimizin başçısı müvafiq qurumların, diplomatik missiyaların qarşısında bu məsələ ilə bağlı müvafiq tapşırıqlar qoydu və əməli addımlar atdı. Beləliklə, dünya Azərbaycanın ədalətə söykənən mövqeyi barədə məlumatlandırıldı. Həmçinin Azərbaycan Prezidentinin səyləri nəticəsində münaqişənin həlli üçün hüquqi baza kifayət qədər genişləndirildi. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri ilə yanaşı, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin, digər nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bağlı müddəalar yer aldı ki, bu sənədlər Vətən müharibəsində haqlı mövqeyimizi daha da gücləndirmiş oldu. İllər ötdükcə Azərbaycanın artan iqtisadi imkanları fonunda ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalar ilə daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluqçularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında, kurslarda iştirakı təmin edildi. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş Aprel döyüşlərində qəhrəman ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi, İrəvan–Gorus–Laçın yolu nəzarətə götürüldü. Eləcə də 2020-ci ilin iyulunda düşmənin Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində törətdiyi təxribatdan sonra başlayan hərbi əməliyyatlar zamanı işğalçı ölkənin ordusuna ağır zərbələr endirildi.

2020-ci il sentyabrın 27-də düşmən növbəti genişmiqyaslı təxribat törətdi. Ali Baş Komandanın irəli əmrindən sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. “Dəmir yumruq” əməliyyatı kimi tarixə düşən İkinci Qarabağ müharibəsi xalqımızın 30 illik Vətən həsrətinə son qoydu. “Bu gün beynəlxalq münasibətlərdə “kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir”. Bu fikri öz çıxışlarında, bəyanatlarında dəfələrlə vurğulayan Prezident İlham Əliyev güclü siyasi iradəsi ilə güclü dövlət konsepsiyasını həyata keçirməklə iqtisadi, siyasi və hərbi güc yaratmağa nail oldu. Bu üç gücün vəhdəti Qarabağ münaqişəsini tarixə qovuşdurdu, bölgədə yeni reallıqlar yaratdı. Prezident, Ali Baş Komandan İlham Əliyev bu gücə arxalanaraq 44 günlük müharibə dövründə həm də informasiya cəbhəsində xalqının, ölkəsinin maraqlarını qətiyyətlə müdafiə etdi. Xarici KİV-lərə çoxsaylı müsahibələrində praqmatik siyasətçi, hadisələri, prosesləri dəqiq qiymətləndirən, öz mövqeyini təkzibolunmaz arqumentlərlə əsaslandırmağı bacaran lider olduğunu nümayiş etdirdi. Beləliklə, Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa vadar etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider, böyük Strateq, qalib Sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Hadisələrin sonrakı gedişi bir daha təsdiqlədi ki, Prezident İlham Əliyev nəyi nə vaxt etmək lazım gəldiyini yaxşı bilir. 2023-cü il aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Sentyabrın 19-da rəşadətli ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatdan da az vaxtda nail olunması hərb tariximizə növbəti möhtəşəm Qələbə kimi yazıldı. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında “dəmir yumruğ”a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu.

Dörd ildir ki, postmüharibə dövrünü yaşayırıq və bu dövrün də öz hədəfləri var. Fəxrlə deyə bilərik ki, postmüharibə dövrünün gündəliyini Azərbaycan Lideri diktə edir. Beynəlxalq güclər, dünyanın böyük dövlətləri regionda yaranmış yeni reallıqları qəbul edir, onunla hesablaşırlar. Prezidentimizin cəsarətli, təmkinli addımları, taleyüklü məqamlarda nümayiş etdirdiyi qətiyyət və prinsipiallıq bizi qələbədən qələbəyə aparır. Qarabağ münaqişəsi tarixə qovuşub, bölgədə yeni reallıqlar yaranıb. Azərbaycan dövlətinin gücü sayəsində bu yerlərə həyat yenidən qayıdır. Prezident İlham Əliyev müharibədə olduğu kimi, quruculuq işində də sonsuz qətiyyət və əzmkarlıq nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə zəruri infrastruktur obyektləri ilə paralel olaraq yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. İndiyədək yüzlərlə ailə doğma yurda qayıdıb, azad olunmuş ərazilərə yaxın üç ildə 140 min insanın köçürülməsi nəzərdə tutulur.

Sevinc Azadi, “İki sahil”

phrase_var_article.chosen
48
ikisahil.az

1phrase_var_article.sources