Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş “Araz sahilində doğan günəş” tamaşası Bakı şəhərində Akademik Rus Dram Teatrında nümayiş olunub.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının qələmə aldığı “Araz sahilində doğan günəş” dramı əsasında hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılara təqdim olunub.
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı Səlahiyyətli Nümayəndəsinin müavini Samir Seyidəhmədli, Azərbaycan Respublikasının tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri tamaşanı izləyiblər.
“Araz sahilində doğan günəş” tamaşası ötən əsrin əvvələrindən regionda,eləcə də ölkəmizdə baş verən ictimai, siyasi hadisələr, muxtariyyətin qazanılması uğrunda aparılan mübarizədən bəhs edir.
Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşcu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur. Tamaşada xalq artistləri-Rza Xudiyev (Tağı Səfiyev), Rövşən Hüseynov (Kərbəlayi Kərəm), Həsən Ağasoy (Bağır kişi), əməkdar artistlər-Əli Əliyev (Nəriman Nərimanov),Behruz Haxverdiyev (İbrahim Əbilov), Vidadi Rəcəbli (Veysəl bəy), Əbülfəz İmanov(Çiçerin), Nazlı Hüseynquliyeva (Müşkünaz arvad), Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev (Mustafa Kamal Paşa), Uğur Nəsirli (Mirzə Davud Hüseynov), Məmməd Mehdiyev (Behbud ağa Şahtaxtinski),Ələsgər Quliyev(Stalin),Anar Eyvazov (Yusif Kamal bəy) və digər aktyorlar rol alıb.
Tamaşa Ümummilli lider Heydər Əliyevin Naxçıvanın muxtariyyəti ilə bağlı səsləndirdiyi tarixi fikirləri ilə sona çatıb.
Qeyd edək ki, səhnə əsəri Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə dair Tədbirlər Planı”na əsasən hazırlanıb.
Səbuhi Həsənov
XQ-nin bölgə müxbiri