Dekabrın 23-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə şəhid ailələri üçün bayram süfrəsi açılıb.
"Unikal" xəbər verir ki, “Qazax” şadlıq sarayında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin, eləcə də ondan sonrakı dövrlərdə həlak olmuş şəhidlərin ailələri, müharibə veteranları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri olan könüllülər, KİV nümayəndələri iştirak ediblər.
Qazax şəhər "Cümə” məscidinin imamı Zaur Budaqov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca çıxış edərək şəhid ailələrini və rayon rəhbərliyini salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün və Yeni ilin gəldiyini qeyd edərək bu ildə onlara sağlam can arzulayıb, 2025-ci ilin qansız-qadasız, müharibəsiz bir il olmasını diləyib. Tədbirin əhəmiyyətindən danışan icra başçısı bugünkü görüşün şəhid ailələrinin bir süfrə ətrafında görüşməsi üçün təşkil olunduğunu qeyd edib. İcra başçısı bildirib ki, 44 günlük müharibədə qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüş meydanında şücaət göstərərək şəhidlərimizin qisasını da aldılar, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək şəhid ailələrini qarşıdan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, səmimi ürək sözlərini çatdırıblar. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərə göstərdikləri qayğının hər bir dövlət məmuruna, ölkə vətəndaşına nümunə olduğunu söyləyiblər. Şəhid ailələrinə olan qayğının bundan sonra da ən yüksək səviyyədə davam etdiriləcəyini qeyd ediblər.
Şəhid ailələrindən Səməd Nəsibov, Gülbəniz Hüseynova, Elxan Abdullayev və başqaları çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, rayon rəhbərliyinə və millət vəkillərinə razılıqlarını ifadə ediblər.
Rayon rəhbəri və millət vəkilləri şəhid ailələrinin oturduqları stollara yaxınlaşaraq onlarla görüşüb, səmimi ürək sözlərini bölüşüblər.