Bəşəriyyət formalaşandan bəri ən gərgin, təlatümlü siyasi proseslərə şahidlik etmiş XX əsrin ardınca yaşadığımız XXI əsr də kifayət qədər təzadlı, mürəkkəb proseslərə şahidlik etməkdədir.
Müstəqilliyini ötən əsrin 90-cı illərinin əvvəllərində qazanan ölkəmiz isə əsas uğurlarını məhz müasiri olduğumuz son 20 ildə qazanmışdır desək qətiyyən yanılmarıq. Çoxəsrlik tarixə malik, böyük liderləri, şəxsiyyətləri ilə tanınmış Azərbaycan, nəinki yeni əsri qızıl dövrə çevirməyi bacardı, həm də dünya tarixinə öz böyük Liderlərinin imzasını bəxş etdi. Azərbaycanı bu yüksəlişə ucaldan, dövlətçiliyimizə qızıl dövr bəxş edən xalqın iki böyük siması böyük Lider- əbədiyaşar ideyaların müəllifi, yeni Azərbaycan quruculuğuna möhkəm təməllər bəxş edən Ulu Öndər Heydər Əliyev, bu dövrü daha möhtəşəm fəsillərlə zənginləşdirən, Ustadının qurub yaratdığı təməli uğurla inşa edən, əsrarəngiz bacarığı ilə vətənimizin qalibiyyət tarixinin memarına çevrilən Müzəffər Prezidentimiz cənab İlham Əliyevdir.
Bu gün ölkəmiz olduqca mürəkkəb zamanda, dəyişən dünyanın böyük güc dövlətləri əhatəsində öz Liderinin – İlham Əliyevin misilsiz fəaliyyəti, böyük missiyası və müstəsna xidmətləri sayəsində dövrün ən şərəfli tarixini yazmaqda, sürətlə inkişaf etməkdədir. Ulu Öndər siyasi xətti ilə irəliləyən cənab Prezident İlham Əliyev Azərbaycanımızı böyük hədəflərə doğru mətin, iri addımlarla aparmaqdadır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə siyasətinin bütün sahələrində davam edən QƏLƏBƏ strategiyası məhz möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Möhtərəm Prezident illər öncə Ümummilli lider tərəfindən deyilən: “Başladığım bütün işləri İlham Əliyev yekunlaşdıracaq” – fikirlərini həyatının devizi etməklə, ona göstərilən inam və etmadı bütünlüklə doğrultdu, xalqın sonsuz sevgisi və güvənini qazandı. Ölkə başçısı 21 il əvvəl xalq qarşısında and içdi və dünən də, bu gün də verdiyi bütün sözlərə sadiqliyini əzmi, qətiyyəti, fədakar fəaliyyəti və imzası ilə sübut etdi. Sözü və əməlində daim xalqına arxalanan, onun birlik və sarsılmazlığından güc alan Müzəffər Prezidentimiz deyir: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” Bu gün Azərbaycan bayrağı Vətənimizin bütün kənd, qəsəbə və şəhərlərində dalğalanır. Ölkəmizin suverenliyi tam bərpa olunmuşdur.
Artıq torpaq itkisinin nisgilini deyil, torpaqlarımızın geri qaytarılmasının qürurunu yaşayır, bu yolda canı-qanı bahasına qəhrəmanlıq göstərən oğullarımızla fəxr edirik. Xalqımız möhtərəm Prezidentimizin misilsiz xidmətlərində qazanılan ardıcıl zəfərlərin sevincini yaşayır, şahidlik etdiyi humanizm təntənəsində daha yeni qalibiyyətlərə ilhamlanaraq tarixin fəxarətli sabahlarına ümidlər bəsləyir. Cənab İlham Əliyev müdrik siyasi fəaliyyəti ilə doğru siyasəti, doğru mövqeyi və istiqaməti üzrə tarixin unikal şəxsiyyətinə, xalqının isə qəhrəmanına çevrilib. Vətənini sevən, onun yüksəlişinə işi, vəzifəsi ilə xidmət göstərməyə səylə çalışan hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentimizə daima köməkçi olmalı, layiqli fəaliyyəti ilə onun hər zaman yanında olmalıdır.
Hüsniyyə Ələkbərova;
Neftçala rayon ziyalısı