Ermənistanın ikinci prezidenti Robert Köçəryan baş nazir Nikol Paşinyanın debatda iştirak etmək çağırışına cavab verib.
Bakıvaxtı.az xəbər verir ki, Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan eks-prezidentin belə bir debatda iştirak etmək niyyətində olmadığını bildirib. Baqrat Mikoyan bildirib ki, Köçəryan uzun müddətdir ki, baş nazirin qeydlərini oxumur.
“Müzakirə üçün mübahisəli mövzu olmalıdır”, - deyən Mikoyan bildirib ki, Qarabağın Azərbaycana təhvil verilməsi indiki baş nazirin şəxsi xidmətidir:
“2018-2024-cü illərdə Ermənistanda bütün hakimiyyət bir nəfərə məxsus idi və bütün hadisələrə görə bu şəxs tam məsuliyyət daşıyır. Bu adam indiki baş nazirdir. Heç kim TikTok-un komik personajı ilə ciddi mövzuları müzakirə etməyəcək”.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan dünən sosial şəbəkədəki qeydlərində bildirib ki, 1994-cü ildən, yəni atəşkəsdən sonra danışıqlar prosesi Qarabağın Azərbaycana qaytarılması istiqamətində gedib.
Paşinyan bununla Ermənistana rəhbərlik etmiş eks-prezidentləri ittiham edib.
“Başqa heç bir məzmunda danışıqlar prosesi olmayıb. Ermənistan Respublikasında yalnız daxili problemlərin həlli üçün digər məzmunla bağlı danışıqlar aparılıb.
Bu kontekstdə mən böyük səhv etmişəm. 2018-ci ildə əvvəllər aparılan danışıqların məzmununa baxaraq, yuxarıdakıları özümə etiraf etməmişəm. Sizə məlum olan vətənpərvərliyimin modeli bunu etməyə imkan verməyib və ona görə də bütün bunları xalqa izah etməmişəm'”, - Paşinyan vurğulayıb.
Nikol Paşinyan daha sonra eks-prezidentləri debata çağırıb:
"Mən Ermənistanın keçmiş prezidentləri ilə canlı debatlar formatında dediklərimi əsaslandırmağa hazıram".
Paşinyanın bu qeydlərindən sonra eks-prezidentlər öz nümayəndələri vasitəsilə ona cavab verərək, baş nazirin debata çıxmaq təklifini rədd ediblər.
Həm birinci prezident Levon Ter-Petrosyanən, həm də üçüncü prezident Serj Sarkisyanın nümayəndələri belə bir debatın olmayacağını bildiriblər.
“Yaxşı ki, keçmiş prezidentlər öz nümayəndələri vasitəsilə "Dağlıq Qarabağ" üzrə danışıqlar prosesi ilə bağlı yazıma cavab verdilər, amma mən nümayəndələrin arxasında gizlənmirəm. Məncə, onların da gizlənməməsi düzgün olardı. Bu gün vəzifəmə etiraz edən prezidentlərin reaksiyasını gözləyirəm”, - Paşinyan sosial şəbəkədə yazıb.