Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasının üzvləri Prezident İlham Əliyevi təbrik ediblər.
President.az xəbər verir ki, təbrik məktubunda deyilir:
“Möhtərəm cənab Prezident.
Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur, Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq müstəvidə dəyər kəsb edən səylərinizdə Uca Yaradandan Sizə uğurlar diləyirik.
Ulu Rəbbimizin xeyir-duası ilə Zati-aliniz dünya miqyasında hər bir dövlət xadiminin qibtə edəcəyi yüksəkliyə ucalmış, müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə təsdiq etmiş dövlət xadimisiniz. Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə tarixi ədalətin təntənəsini təmin etmiş, Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suverenliyini tam bərpa etmiş Zati-aliniz soydaşlarımızı dədə- baba torpaqlarına qovuşdurmaqla, azad olunmuş Qarabağda şəhərləri, kəndləri yenidən dirçəldərək genişmiqyaslı quruculuq işləri ilə yanaşı, məscid və məbədləri xüsusi qayğı ilə bərpa etməklə Ulu Yaradanın nəzərində və xalqın qəlbində ucalmaqdasınız. Sizin mənəvi irsə, dini abidələrə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqətiniz Zati-alinizin müdrik dövlətçilik təfəkkürünün bəhrələri olaraq dünya üçün örnəkdir.