Yakutiyada 50 min il əvvələ aid olduğu təxmin edilən mamont balasının qalıqları tapılıb.
Hafta.az-ın yazdığına görə, Şimal-Şərqi Federal Universitetinin (NEFU) dekabrın 23-də təqdim etdiyi bu unikal tapıntı yay aylarında Verxoyansk vilayətinin Bataqayka sakinləri tərəfindən aşkarlanıb.
Alimlər qalıqların çiyin hündürlüyü 120 santimetr və ümumi uzunluğu iki metrdən az olan bir yaşlı dişi mamonta aid olduğunu müəyyən ediblər.
Mamont balasına tapıldığı bölgədəki Yana çayının şərəfinə "Yana" adı verilib.
NEFU Mamont Muzeyinin prezidenti Maksim Çeprasov Yananın indiyə qədər tapılmış ən yaxşı qorunan mamont qalıqlarından biri olduğunu vurğulayıb. Çeprasov bildirib ki, dünyada cəmi 6 mamont cəsədi aşkar edilib, onlardan 5-i Rusiyadadır.
“RİA Novosti”nin məlumatına görə, oktyabrda cəsəd Yakutska gətirilib və NEFU laboratoriyasında ilkin genetik analizlərə başlanılıb. Bu araşdırmalar Yananın keçmişinə və mamontların tarixinə işıq salmaq məqsədi daşıyır.