Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) 2024-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilir.
Musavat.com xəbər verir ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Mərkəzin sözügedən dövr ərzində ölkə daxilində və sərhədlərimizdən kənarda yerli və xarici tərəfdaşlarla fəal iş apardığını bildirib.
O qeyd edib ki, 2024-cü ildə BMTM-in fəaliyyəti əsas etibarilə prezident və parlament seçkilərindən sonra dövlət başçısı cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən tezis və mesajlar istiqamətində qurulub:
“Həmçinin beynəlxalq gündəmin aktual məsələləri və onların ölkəmizə mümkün təsirləri BMTM-in fəaliyyətində öz əksini tapıb. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə mütəmadi, düzgün və operativ qaydada çatdırılması istiqamətində fəal iş aparılıb. Belə ki, ingilis dilində Azərbaycan gündəminin yığcam və düzgün analitik təsvirini ehtiva edən 12 bülletin hazırlanıb. İl ərzində dərc olunan kitab və broşürlərin ümumi sayı 10-dur. Onlardan 2-si Azərbaycan dilindədir. Bunlardan biri bu il təqdimatını keçirdiyimiz “İlham Əliyevin xarici siyasət uğurları 2003-2023 broşürü”dür, digəri isə təqdimatının yanvarda keçirilməsi nəzərdə tutulan, şöbə müdiri Cavid Vəliyev tərəfindən yazılan “Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” sərlövhəli kitabdır. İngilis dilində, ümumilikdə 6 nəşrimiz olub. Onlardan 2-si Qərbi Azərbaycan, 2-si COP29, 1-i Vətən müharibəsi, 1-i isə mərkəzin ötənilki fəaliyyət istiqamətlərini əhatə edir.
Rus dilində isə Rusiya-Azərbaycan və Azərbaycan-Qazaxıstan münasibətləri ilə bağlı icmallarımız dərc edilib.
Təhlillərə gəldikdə isə F.Şəfiyev qeyd edib ki, Azərbaycan dilində 14, rus dilində 6, ingilis dilində 10 olmaqla ümumilikdə 30 təhlil hazırlanıb:
“BMTM tərəfindən il ərzində ümumilikdə 29 tədbir təşkil edilib. Onların arasında “Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə”, “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol”, eləcə də tərəfdaşlarımızla birlikdə təşkil edilən “COP29 və Azərbaycan üçün yaşıl baxış”, “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusundakı beynəlxalq konfransları qeyd etmək istərdim.
Həmçinin, ölkə xaricində İtaliya Asiya İnstitutu (ISIA), Bakı Politoloqlar Klubu ilə birgə təşkil etdiyimiz “İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli münasibətlər: enerji təhlükəsizliyi və xarici siyasət”, Peruca Universiteti ilə birgə təşkil etdiyimiz “Azərbaycan-İtaliya: Yeni enerji siyasəti və ikitərəfli münasibətlər”, Böyük Britaniyanın Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutu (RUSI) ilə təşkil etdiyimiz “COP29: İqlim dəyişikliyi, sülh və təhlükəsizlik” mövzusundakı tədbirlərimiz yerli və xarici ictimaiyyətdə xüsusi maraqla qarşılandı”.
Nigar HƏSƏNLİ,
Musavat.com