AZ

Arxeologiya və Antropologiya İnstitutunda BQXK əməkdaşları ilə görüş olub

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə çalışan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları ilə görüş keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib. Görüşdə institutun direktoru dosent Fərhad Quliyev bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində itkin düşmüş insanların axtarışı, tapılmış insan qalıqlarının ekshumasiyası və sonrakı identifikasiyası sahəsində birgə əməkdaşlıq fəaliyyəti humanizmin təzahürü, ədalətin bərpa olunması və Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından təqdir edilməlidir. Eyni zamanda, bu istiqamətdə əməkdaşlıq Azərbaycanda məhkəmə arxeologiyasının formalaşması və bu sahədə çalışan gənc arxeoloq və antropoloqların ixtisaslaşması üçün geniş imkanlar açıb.

BQXK-nın əməkdaşı Uyum Vehit və Natnipoon Rattanarungruang vaxtilə işğal altında olmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının müxtəlif məntəqələrində Arxeologiya və Antropologiya İnstitutun mütəxəssisləri ilə əməkdaşlıqdan məmnunluqlarını bildiriblər.

BQXK-nın əməkdaşları AMEA Arxeologiya və Antropologiya İnstitutuna elmi metodiki vəsaitlər (hər bir antropoloqun stolüstü kitabı olan son redaktədə insan anatomiyası barədə atlaslar) və çöl tədqiqat işləri üçün lazım olan texniki vasitələr (su keçirməyən miqyas xətkeşləri, isti və soyuq mövsümlər üçün yataq kisələri, yük daşıma çantaları) hədiyyə ediblər.

Görüşdə BQXK-nın əməkdaşı Nərmin Mirzəyeva və Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri dosent Akif Quliyev iştirak ediblər.

 

Seçilən
14
1
tehsil.biz

2Mənbələr