AZ

Keçmişin müəmmalı KİMLİYİ – əl-Qolaninin yeni Suriya STRATEGİYASI NƏDİR?

“Heyət Təhrir əş-Şam” (HTŞ) lideri Əhməd əl-Şaraanın geyimini dəyişdirib kostyuma keçməsi məsələsindən başlasaq, onu deyə bilərəm ki, artıq geyim təkcə şəxsi xarakteri və tərbiyəni əks etdirən bir göstərici deyil. Geyim forması ilə məzmun arasında olan əlaqə, xüsusilə müasir dövrdə çoxdan zəifləyib. Məsələn, bəzi qadınlar və qızlar hər cür geyim formasında görünsələr də, bu, onların tərbiyə və mədəniyyət səviyyəsini birbaşa əks etdirmir. Bu yanaşma İranda mollaların ərəb milli geyimi olan əba və əmmaməni geyinməsini də izah edir. Onların bu geyimi daşıması, daha güclü müsəlman olduqlarını göstərmir, necə ki, qalstuklu və kostyumlu insanlar dinsiz hesab olunmur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, analitik Sədrəddin Soltan deyib.

Siyasi təhlilçi Suriya müvəqqəti hökumətinin rəhbəri Əhməd əl-Şaraanın (əl-Qolani) legitimləşmək yolunda atdığı addımlar və barəsində səslənən iddiaları şərh edib.

S. Soltana görə, Ə. əl-Şaraa gənclik illərindən siyasi hərəkata qoşulmuş, zamanla inkişaf etmiş və siyasi baxımdan formalaşmış bir şəxsdir:

“Bu təkamül təbiidir, çünki hər bir şəxs zamanla ideyalarını dəyişə və daha yetkin mövqelərə gəlib çata bilər. Əhməd əl-Şaraanın əsas məqsədi Suriyanın güclü bir dövlət olması, regionda nüfuzunun artırılması və milli demokratik şüarların həyata keçirilməsidir. Suriya tarixində Hafiz Əsəd və Bəşər Əsəd SSRİ və daha sonra Rusiya ilə sıx əməkdaşlıq etmiş, sol ideologiyanı dəstəkləyən siyasət yürütmüşlər. Bu siyasət Suriyanın müstəqilliyini məhdudlaşdırmış və onu beynəlxalq güclərin təsiri altına salmışdır. 2016-cı ildən sonra isə Suriya rejimi İrandan və Rusiyadan asılı vəziyyətə düşmüşdür. Regionda hakimiyyətə gələn hər bir qüvvənin beynəlxalq maraqlara uyğunlaşması və güclü dövlətlər tərəfindən dəstəklənməsi vacibdir. Əks halda, vəziyyət Fələstin və ya digər münaqişəli bölgələrdəki kimi xaotik olur”.

“Məsələn, HƏMAS İsrail ordusuna uzun müddət müqavimət göstərə bilib, PKK isə Türkiyə ilə 50 ildən artıq müharibə aparır. Bu, həmin təşkilatların arxasında güclü xarici dəstək olduğuna işarə edir. Bu dəstəklər geri çəkildikdə, həmin rejimlərin və ya təşkilatların mövcudluğu sual altına düşür. Məsələn, Rusiya və İran dəstəyi olmadan Bəşər Əsəd rejiminin davamlılığı mümkün deyildi ki, elə də oldu. Hazırda Əhməd əl-Şaraanın rəhbərlik etdiyi qüvvələr Suriyada vahid, demokratik və hüquqlara hörmət edən bir dövlət qurmağı qarşılarına məqsəd qoyublar. Onlar İsrail və Türkiyə ilə normal münasibətlər qurmaq, vətəndaş hüquqlarını təmin etmək və dini-etnik müxtəliflikləri qorumaq istəyirlər. Bu hədəflər Suriyanın daxili sabitliyi və beynəlxalq nüfuzu üçün mühüm əhəmiyyət kəsb edir”, – o, əlavə edib.

Mütəxəssisin fikrincə, HTŞ liderinin Qərb ölkələri ilə əməkdaşlıq etməsi və İran-Rusiya təsirindən uzaq durması onun daha mütərəqqi bir siyasət yürütməsinə işarədir:

“Qərb vətəndaş hüquqları və demokratik dəyərlərə üstünlük verən hökumətləri dəstəkləyir. İran və Rusiya kimi rejimlərin Suriyada yaratdığı qeyri-sabitlik, narkotik ticarəti və hərbi qruplaşmaların dəstəklənməsi isə bu ölkələri daha az mütərəqqi edir. Tarixən beynəlxalq güclərin razılığı olmadan regional dövlətlərin müstəqil şəkildə uğurlu hakimiyyət qurması çətin olmuşdur. Məsələn, Misirdə Məhəmməd Mursi beynəlxalq öhdəlikləri yerinə yetirə bilmədiyindən hakimiyyətini itirmişdir. Bu da göstərir ki, beynəlxalq ictimaiyyətlə əməkdaşlıq hər bir ölkənin daxili sabitliyi üçün zəruridir”.

“Əhməd əl-Şaraanın rəhbərliyi altında Suriyanın demokratik və hüquq-mərkəzli bir dövlət qurması regionun sabitliyi və inkişafı üçün vacibdir. Yeni hökumətin qadın, dini və etnik azlıqların hüquqlarını təmin etməyə çalışması da ümidverici bir göstəricidir. Suriya modeli Türkiyənin demokratik sisteminə bənzəyərək həm dini dəyərlərə hörmət edən, həm də müasir dünyaya inteqrasiya edən bir dövlət qurmağı hədəfləyir. Bu yanaşma Qərb təsiri ilə inkişaf etmiş demokratik bir Suriyanın formalaşmasını təmin edə bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

Seçilən
5
yenicag.az

1Mənbələr