AZ

Milad bazarına hücum edən şəxsin avtomobilində vəsiyyətnamə tapılıb

Maqdeburqda Milad yarmarkasına ziyarətçilərin üzərinə avtomobil sürən Səudiyyə Ərəbistanından olan həkim Taleb əl-Abdulmohsenin avtomobilində vəsiyyətnamə aşkar edib.

News365 xəbər verir ki,bu məlumatı Almanyanın Der Spiegel  nəşri yayımlayıb.

Məlumatda deyilir ki, BMW markalı avtomobildə tapılan vəsiyyətnamədə 50 yaşlı Taleb əl-Abdulmohsen ölümündən sonra bütün sərvətinin Alman Qırmızı Xaç Cəmiyyətinə bağışlanmasını istəyib. Der Spiegel-in məlumatına görə, vəsiyyətnamədə heç bir siyasi mesaj olmayıb.

Nəşr  Taleb əl-Abdulmohsenin hücum zamanı ölməyi planlaşdırdığı qənaətinə gəlib. Der Spiegel bildirir ki, 2024-cü ildə Abdulmohsen bir neçə dəfə ölmək istədiyini ifadə edib. Məsələn, may ayında X sosial şəbəkəsində bu il ölməyi planlaşdırdığını yazıb və "hər hansı bir yolla ədalətə nail olmaq" arzusunda olduğunu bildirib. O, 2024-cü ildə öləcəyini sosial şəbəkədə digər istifadəçilərlə şəxsi yazışmalarında da qeyd edib.

Bildirilir ki,  Abdulmohsen hücumdan bir həftə əvvəl, 11 dekabrda BMW markalı avtomobili icarəyə götürüb. Ertəsi gün, 12 dekabrda, Maqdeburqdakı Maritim otelində  bir amerikalı bloqqerə müsahibə verib. Bu müsahibədə Abdulmohsen Almaniyanın Suriyadan islamçıları qəbul etdiyini, "Səudiyyə Ərəbistanının keçmiş müsəlmanların həyatını məhv etmək istədiyini" və Alman polisinin dünyanın hər yerində islamdan dönmüş səudiyyəliləri təqib etdiyini deyib.

Xatırladaq ki, 20 dekabr axşamı Taleb əl-Abdulmohsen icarəyə götürdüyü BMW avtomobili ilə Maqdeburqdakı Milad yarmarkasına daxil olub və izdihamlı meydanda bir neçə yüz metr yol gedib. Hücum nəticəsində beş nəfər həlak olub, 200 nəfər yaralanıb. Abdulmohsen hücumdan bir neçə dəqiqə sonra saxlanılıb.

Səbinə Uğur, News365

Seçilən
30
news365.az

1Mənbələr