AZ

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni icmal dərc etdi

Biznes mühitinin müxtəlif sahələrinə dair qanunvericilik normaları və elektron dövlət xidmətləri barədə zəruri məlumatların əks olunduğu icmal hazırlanaraq nəşr olunub.

Fins.az xəbər verir ki, icmalın müvafiq bölmələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın aidiyyəti dövlət qurumlarının rəhbərlik etdiyi işçi qrupları tərəfindən tərtib olunub.

Biznes sahələri üzrə qanunvericilik və inzibatçılıqla bağlı maraqlı tərəflərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə icmalın bəzi hissələri təqdim olunur.

Arbitraja dair qanunvericilik tənzimlənməsi

Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanunu ilə “Arbirtaj haqqında” yeni Qanun təsdiq edilmişdir.

Qanunun qəbul edilməsi ilə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu ləğv edilmiş, mübahisələrin alternativ həlli mexanizmlərini sırasına beynəlxalq arbitrajla yanaşı, daxili arbitraj da aid edilmişdir.

Arbitraj - daimi arbitraj təşkilatı tərəfindən idarə edilib-edilməməsindən asılı olmayaraq arbitraj məhkəməsi tərəfindən məcburi hüquqi qüvvəyə malik qərarın çıxarılması məqsədilə həyata keçirilən mübahisəyə baxılma prosesidir.

Arbitrajda həll oluna bilməyən işlər (Qanunun 13.2-ci maddəsində müəyyən olunmuşdur) istisna olmaqla, kommersiya mübahisələri, habelə tərəflərin mübahisənin predmeti barədə sərəncam hüququna malik olduğu və üçüncü şəxslərin hüquqlarına, qanuni mənafelərinə toxunmayan bütün mübahisələr arbitrajda həll edilə bilər.

Arbitraj beynəlxalq və ya daxili ola bilər. Arbitrajın beynəlxalq sayılması əsasları Qanunun 4-cü maddəsində tənzimlənmişdir. Qanunun 11 və 12-ci maddələrinə görə daxili arbitraj daimi arbitraj təşkilatı tərəfindən idarə edilir. Beynəlxalq arbitraj isə həm daxili arbitraj təşkilatları tərəfindən, həm də ad hoc (ad hok) qaydada idarə oluna bilər.

Arbitraja münasibətdə nəzarət və yardım funksiyalarını aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi yerinə yetirir (Qanunun 10-cu maddəsi).

Qanunun qəbulu ilə eyni gündə Mülki Prosessual Məcəllədə (//e-qanun.az/framework/46945) də dəyişiklik edilmiş və Məcəllənin 50-ci fəsli “Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası” adlandırılaraq yenilənmiş, habelə Məcəlləyə “Arbitraja münasibətdə yardım və nəzarət funksiyalarının yerinə yetirilməsi ilə bağlı işlər üzrə icraat” bölməsi əlavə edilmişdir.

Arbitrajın əsas xarakterik xüsusiyyətlərindən biri də arbitraj qərarının ləğvi, yaxud xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası haqqında ərizə verildikdə bu ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyətinin olmamasıdır. Yəni arbitraj məhkəməsinin qərarı qətidir və yalnız Qanunun 54.1 və 56.1-ci maddələrində qeyd olunan əsaslar mövcud olduqda o, tam və ya qismən ləğv edilə, yaxud onun tam və ya qismən tanınmasından və ya icra edilməsindən imtina edilə bilər.

Mediasiyaya dair qanunvericilik tənzimlənməsi

Mediasiya ölkəmizdə mübahisələrin alternativ həll yollarından biridir.

“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 2019-cu il 29 mart tarixində qəbul edilmiş və 2021-ci il iyulun 1-dən qüvvəyə minmişdir.

Bu Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.

Mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı adıçəkilən Qanunla müəyyən olunan prosesdir (Qanunun 1.0.1-ci maddəsi).

Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların müstəqilliyi, qərəzsizliyi və mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında aparılır (Qanunun 5-8-ci maddələri).

Ölkəmizdə mediasiya mülki, kommersiya, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə aparılır.

Məhkəmələrin (hakimlərin) müstəqilliyi

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə görə hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

Bundan başqa “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir.

Məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.

Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır.

Bu mövzuda daha ətraflı məlumatla Biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivələri və elektron xidmətlər barədə İcmal sənədində (səhifə 11,12,13) tanış ola bilərsiniz.

Qeyd edək ki, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi rəhbərlik edir (//azranking.az/working-groups).

Seçilən
5
1
fins.az

2Mənbələr